Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Mədəniyyəti 2040 Mədəniyyət konsepsiyası nazirliyin qarşısına konkret öhdəliklər qoyub. Bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycan dili mədəniyyətin ayrıca sahəsi kimi müəyyən edilib. Nazirlik bu istiqamətdə artıq işlərə başlayıb. Məqsəd Azərbaycan dilinin inkişafını daha sistemli şəkildə təmin etməkdir. Dilin ölkə daxilində və regionda rolunun artırılması hədəflənir. Eyni zamanda beynəlxalq mədəni mübadilədə Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi nəzərdə tutulur. Rəqəmsal platformalarda dilin istifadəsinin genişləndirilməsi də prioritetlər sırasındadır. Ümumilikdə, bu konsepsiya Azərbaycan dilinin inkişafı üçün yeni mərhələ kimi qiymətləndirilir.
Azərbaycan dilinin gücləndirilməsi prosesi ilk olaraq dövlət idarələrindən başlaya bilərmi?Gənclər arasında xarici dillərə maraq artdığı halda Azərbaycan dilinin nüfuzunu artırmaq üçün hansı addımlar vacib sayılır?
Bu barədə Bizimyol.info xəbər portalına dilçi alim, filologiya elmləri doktoru Qətibə Vaqifqızı bildirib ki, dövlət idarələri Azərbaycan dilinin normativ və funksional modelini təqdim edən əsas platformalardan biri hesab oluna bilər: “Azərbaycan dilinin gücləndirilməsi, nüfuzunun yüksəldilməsi prosesi, şübhəsiz ki, ilk növbədə dövlət idarəçiliyi sistemində özünü göstərməlidir. Çünki dövlət dili yalnız hüquqi statusla deyil, praktik olaraq tətbiqi ilə də nüfuz qazanır. Rəsmi yazışmaların, sosial-mədəni kommunikasiya modellərinin, elektron hökumət portallarının, eləcə də rəsmi platformaların, hüquqi sənədlərin, xüsusilə dövlət qurumlarının informasiya siyasəti yüksək dil mədəniyyətinə əsaslanmalıdır. Belə olanda cəmiyyətdə nümunəvi dil davranışı da formalaşır. Bu baxımdan dövlət idarələri Azərbaycan dilinin normativ və funksional modelini təqdim edən əsas platformalardan biri hesab oluna bilər. Xüsusilə qloballaşma və inteqrasiya dövründə, eyni zamanda süni intellektin, rəqəmsallaşmanın bütün həyatımızı sardığı bir zamanda dövlət strukturlarında, rəsmi qurumlarda kargüzarlıqda, rəsmi-işgüzar üslubun ifadəsində, terminoloji vahidliyin, düzgün üslubun və müasir dil texnologiyalarının tətbiqi dil siyasətinin effektivliyini artıran mühüm amildir.
Qətibə Vaqifqızı həmçinin deyib: “Gənclər arasında xarici dillərə marağın artması əlbəttə ki, təbii qarşılanmalıdır. Çünki qeyd etdiyimiz kimi, qlobal inteqrasiya dövrünün tələbləri çərçivəsində bu, təbii və zəruri prosesdir. Lakin bu proses əks təsir göstərməməlidir, mənfi nəticə verməməlidir. Qətiyyən Azərbaycan dilinin funksional imkanlarının zəifləməsi ilə nəticələnməməlidir.
Azərbaycan dilinin nüfuzunu artırmaq üçün ilk növbədə onun müasir elmin, texnologiyanın, rəqəmsal dünyanın, xüsusən də rəqəmsal medianın və süni intellekt sənayesinin, siyasi-iqtisadi həyatın, mədəniyyətin, innovasiyaların dili kimi inkişafı təmin edilməlidir. Gənclər də elə bu kontekstdən yanaşmalıdır. Dilimizi təkcə milli dəyərimiz kimi deyil, həm də gələcəyimizin qarantı və innovasiya, yeniliklər dili kimi görməlidirlər. Bu istiqamətdə həm yüksək keyfiyyətli rəqəmsal məzmunlar yaradılmalı, süni intellekt və proqram təminatlarında Azərbaycan dilinin istifadəsi genişləndirilməli, müasir terminoloji baza zənginləşdirilməlidir”.
Qətibə Vaqifqızı əlavə edib: “Bu işdə sosial medianın da çiyninə böyük yük düşür. Çünki sosial media estetik, nümunəvi dil mədəniyyətinin təşviqində böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, Azərbaycan dilində elmi, texnoloji və populyar kontentlərin yaradılması, gənclər arasında bu işin motivə edilməsi dilimizin həm beynəlxalq imicini, həm də lokal olaraq funksional çəkisini, qüdrətini artırar və gücləndirər”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.