Son illərin ən maraqlı çempionatı, demək olar ki, başa çatdı. Legioner limitinin ləğv olunduğu, 12 komandalı çempionat olduqca dinamik, azarkeşlərin də marağını cəlb edən mövsüm kimi yadda qaldı. Bu mövsüm uğurlu, yaxşı başlayıb, sonra uğursuz olan və gözləntiləri heç qarşılaya bilməyən komandalar oldu. Uğursuzluq varsa, əsas günahkar baş məşqçidi. Bəs hansı məşqçilər mövsümün sonunda gedəcək?
Andrey Demçenko. “Araz-Naxçıvan” rəhbərliyi mövsümün gedişində nəticələrdən razı qalmayıb, Elmar Baxşıyevi göndərdi. Amma rəhbətlik qaş düzəltmək istəyəndə vurub gözü çıxardı. Komanda nəinki avrokuboklardan, ilk “beşlik”dən uzaq qaldı. Futbolçuların çoxu ilə yola getməyən ukraynalı çalışdırıcı, yəqin ki, iş yerindən ayrılacaq.
Saşa İliç. Mövsümə fırtına kimi başladı, ilk turda “Qarabağ”ı məğlub etdi, klub rəhbərliyi hədəfin avrokuboklar olduğunu dedi, lakin bu mövsüm İliç və komandası üçün uğursuz alındı. Serbiyalı baş məşqçi iki dəfə qırmızı vərəqə aldı. Amma bu onun alicənab obrazını dəyişmir. Hər ikisində də emosiyaya qapılıb, özünə yaraşmayan hərəkətdən peşman olub və üzr istəyib.
“Şamaxı” və “İmişli” üçün mövsüm uğurlu oldu. Amma Ayxan Abbasov millidə çalışdığına, Jorj Kaşkilya isə istədiyi maaşı ala bilməyəcəyinə görə gedir. “İmişli” rəhbərliyi Kaşkilyanın korpusu üçün 50 min dollar artığa razılaşmırsa… Bu arada, Ayxan Abbasovun gedişi artıq rəsmi olaraq ictimaiyyətə çatdırılıb.
“Kəpəz” rəhbərliyi isə Azər Bağırova münasibətdə ikinci dəfə haqsızlıq edir. Bu dəfə də Bağırov xala həsrət olan, özünün formalaşdırmadığı heyətin baş məşqçisi oldu, bu dəfə də işinin öhdəsindən gəldi. Autsayderlərə uduzsa da, güclülərdən xal və xallar almaqla “Kəpəz” elitanı 10-cu bitirdi.
“Qəbələ”nin elitada qalacağı dəqiq deyil. Amma qalsa da, qalmasa da, Kaxaber Sxadadze ilə yollar ayrılacaq. Sxadadze nə qədər güclü mütəxəssis olsa da, nə qədər “Qəbələ”nin bəxtinin gətirmədiyini desək də, komandanın yanlız “Karvan-Yevlax”ı qabaqlamasının məsuliyyəti gürcüstanlı çalışdırıcının boynundadı. Nəzərə alaq ki, bəyənmədiyi heyəti də Sxadadze özü qurub.
Əlqərəz, 6-cı yer daxil olmaqla, ikinci “altılıq”dakı komandaların, yəqin ki, hamısında baş məşqçi dəyişəcək.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta