AZ

Səyahət sığortası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı–Tbilisi–Bakı istiqamətində sərnişin qatarlarının hər gün hərəkət etməsi regionda həm nəqliyyat, həm də turizm baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Altı illik fasilədən sonra bərpa olunan dəmir yolu əlaqəsinin gündəlik rejimdə fəaliyyət göstərməsi Azərbaycandan Gürcüstana səfər edənlərin sayını artıracağı gözlənilən əsas amillərdən biri hesab olunur.

Bakı–Tbilisi istiqamətində qatar biletlərinin qiyməti təxminən 81 manat təşkil edir. Bölgələrdən qatara qoşulan sərnişinlər üçün isə qiymətlər məsafədən asılı olaraq 51–67 manat arasında dəyişir. Lakin səfər planlaşdıran şəxslər üçün əlavə xərc yaradan əsas məqamlardan biri məcburi səyahət sığortasıdır.

“Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumata görə, 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan qanunvericiliyinə əsasən ölkəyə daxil olan bütün xarici vətəndaşlar səyahət tibbi sığortası ilə təmin olunmalıdırlar.

Bu tələb qatarla, avtomobillə və digər nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sərnişinlərə də şamil edilir. Sığortası olmayan şəxslər Gürcüstan ərazisinə daxil olduqda cərimə ilə üzləşə bilərlər.

Məlumata əsasən, səyahət sığortası bilet qiymətinə daxil edilmir və sərnişin onu ayrıca şəkildə sığorta şirkətlərindən əldə etməlidir. 

“Cebheinfo.az”-ın araşdırmasına əsasən, hazırda Azərbaycanda Gürcüstan üçün minimal səyahət sığortasının qiyməti orta hesabla 11–12 manatdan başlayır. Bu məbləğ əsasən, 3 günlük səfərlərə aiddir. 

5–7 günlük paketlərdə qiymətlər təxminən 12–15 manat arasında dəyişir. Daha uzunmüddətli – 15 və ya 30 günlük sığorta paketlərində isə qiymətlər orta hesabla 26–28 manata qədər yüksəlir. Premium və geniş təminatlı paketlərdə isə qiymət daha yüksək ola bilər.

Sığorta paketlərinə daxil edilən xidmətlər də seçilən paketin növündən asılı olaraq fərqlənir. Əsas təminatlara təcili tibbi yardım, xəstəxanaya yerləşdirmə, ambulator müalicə, qəza nəticəsində tibbi xidmət, dərman xərclərinin müəyyən hissəsi, tibbi təxliyə və geri qaytarılma xidmətləri daxildir.

Bəzi sığorta paketləri yoluxucu xəstəliklərlə bağlı tibbi yardımı da əhatə edir. Bundan əlavə, bəzi şirkətlər əlavə ödəniş müqabilində baqaj itkisi, sənədlərin itməsi və səfərin ləğvi kimi riskləri də sığorta paketinə daxil edirlər.

Məcburi sığorta tələbi ilk baxışda sərnişinlər üçün əlavə xərc kimi görünsə də, fövqəladə hallarda ciddi maliyyə itkisinin qarşısını almaq baxımından vacib hesab olunur. Xüsusilə xarici ölkədə tibbi xidmətlərin baha olması nəzərə alınanda sığortanın əhəmiyyəti daha da artır.

Hazırda bir çox sığorta şirkəti Gürcüstana səfər edənlər üçün onlayn şəkildə də sığorta rəsmiləşdirilməsi xidməti təqdim edir. Sərnişinlər sığorta sənədini həm elektron, həm də çap formasında təqdim edə bilərlər.

Gürcüstan tərəfi minimum tibbi təminat məbləği müəyyən etdiyindən, sərnişinlərə səfərdən əvvəl aldıqları sığorta paketinin tələblərə uyğun olub-olmadığını diqqətlə yoxlamaları tövsiyə olunur.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr