ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan dövləti son 30 ildə bir neçə dünya səviyyəli tədbirlərə ev sahibliyi edib və ölkəmizin bu istiqamətdə böyük təcrübəsi var. Mayın 17-dən 22-dək keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına da Azərbaycan uğurla ev sahibliyi etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli səsləndirib.
Professor bildirib ki, foruma gələn beynəlxalq müşahidəçilər və müxtəlif istiqamətli tədbirlərin iştirakçıları da Azərbaycanın bu sahəyə xüsusi maraq göstərdiyini təsdiqləyirlər.
İbrahim Kazımbəyli qeyd edib ki, Azərbaycan qədim dövlətçilik və şəhərsalma ənənələrinə malik ölkədir.
“Azərbaycanda şəhər mədəniyyətinin formalaşması qədim dövrlərdən başlayıb və müxtəlif tarixi mərhələlərdə bu ərazilər mühüm sivilizasiya və şəhər mərkəzləri kimi inkişaf edib. Azərbaycan bu gün də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən quruculuq işləri ilə dünyaya mühüm mesaj verir. Uzun illər ərzində ermənilər tərəfindən şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz vandalcasına dağıdılıb. Məqsəd Azərbaycan xalqının həmin ərazilərdəki tarixi izlərini silmək idi. Azərbaycan WUF13 platformasında bir daha bütün dünyaya göstərdi ki, həmin ərazilər hansı vəziyyətə salınıb və indi dövlətimiz orada hansı quruculuq işlərini həyata keçirir”, – deyə İ.Kazımbəyli vurğulayıb.
O əlavə edib ki, Bakı şəhəri artıq beynəlxalq tədbirlərin keçirilməsi baxımından zəngin təcrübəyə malikdir.
“Paytaxtımızda bu cür qlobal tədbirlərin yüksək səviyyədə təşkilini ölkəmizə gələn qonaqlar da daim xüsusi vurğulayırlar. Forum iştirakçıları Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizin füsunkar təbiətini və strateji coğrafi mövqeyini də qeyd edirlər. Azərbaycan tranzit ticarət yolları üzərində yerləşən mühüm ölkədir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, WUF13 bir daha göstərdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq ölkədir və qlobal problemlərin müzakirəsinə fəal töhfə verir.
“Bundan əvvəl iqlim dəyişiklikləri və alternativ enerji məsələləri ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycan WUF13-də də beynəlxalq nüfuzunu, gücünü və dövlətimizin həyata keçirdiyi xarici siyasətin uğurlarını nümayiş etdirdi”, – deyə professor əlavə edib.
Müxbir – Nailə Həsənova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.