AZ

"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Marja.az xəbər verir ki, müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək deyib:

-Möhtərəm cənab Prezident.

"Zati-alinizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektor respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft iqtisadiyyatının inkişafı baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, regionların sosial-iqtisadi dirçəlişi istiqamətində qəbul etdiyiniz qərarlar bu sahənin inkişafına güclü təkan vermişdir. Məlum olduğu kimi, müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafında önəmli rol oynayır, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Möhtərəm cənab Prezident, 2025-ci ildə respublika üzrə bütün su mənbələrindən 11,5 milyard kubmetr həcmində su götürülmüş, suayırıcılarından verilmiş 7,5 milyard kubmetr su hesabına, ümumilikdə, 1 milyon 485 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Əkin və suvarma sahəsində qurumlar arasında koordinasiyalı və səmərəli fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə Fəaliyyət Planı təsdiq edilmiş və suvarma suyunun təminatında meydana çıxan bütün çətinliklərin operativ qaydada həll edilməsi üçün İşçi qrupu yaradılmışdır. Birgə Fəaliyyət Planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və ongünlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilmişdir.

Bununla yanaşı, Sizin birbaşa tapşırıq və sərəncamlarınızla təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılmışdır. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilmiş, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülmüşdür. Bu işlərlə bərabər, Sizin də qeyd etdiyiniz kimi, 100 min hektardan çox yeni ərazi suvarılacaq və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaqdır.

Xüsusi diqqətiniz sayəsində Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur, işğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Sözügedən ərazilərin kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması əsas prioritetimizdir.

Bütün bu layihələr dövlət tərəfindən su və kənd təsərrüfatına göstərilən böyük diqqətin göstəricisidir. Lakin məlum olduğu kimi, dövlətimizin infrastruktur layihələrinə qoyduğu böyük sərmayələrin geri qayıtması yalnız texniki həllər və yeni su mənbələrinin yaradılması ilə deyil, eyni zamanda, mövcud su ehtiyatlarından səmərəli istifadənin artırılması ilə təmin edilməlidir. Bu istiqamətdə əkin sahələri üzrə ənənəvi suvarma üsullarından imtina edilməsi və müasir suvarma sistemlərinin – damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir. Müasir suvarma sistemlərinin tətbiqi həm torpaqların şoranlaşmasının qarşısını alır, həm məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımıza qənaət edilərək investisiyanın iqtisadi səmərəliliyini maksimuma çatdırır.

Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir, intensiv suvarma metodlarına keçidi şərtləndirir. Həmçinin Tədbirlər Planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların sahəsinin isə 1500 hektardan 2000 hektara çatdırılması, eləcə də pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17 faiz artırılaraq ümumi istehsalın 425 min tona yüksəldilməsi ilə bağlı bütün hədəflər bizim tərəfdən təqdirəlayiq hesab edilir. Eyni zamanda, Tədbirlər Planında qeyd olunduğu kimi, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər.

Möhtərəm cənab Prezident, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumlarının, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sıx əməkdaşlıq şəraitində fəaliyyəti təmin edilməkdədir. Aqrar sahənin inkişafı baxımından qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə ilə nəticələnəcək, suvarılan sahələrin şoranlaşmasının və deqradasiyanın qarşısını əhəmiyyətli dərəcədə alacaqdır. Qeyd olunanları nəzərə alaraq, təqdim edilmiş dövlət proqramının tədbirlər planının həyata keçirilməsini önəmli hesab edirik.

Diqqətinizə görə təşəkkür edirəm".

Seçilən
16
1
marja.az

2Mənbələr