Əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə başçəkmə həyata keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) tapşırığı əsasında və “İnsan Hüquqları Aylığı” çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib.
Başçəkmənin məqsədi müəssisədə yaşayan əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, onlar üçün yaradılmış şəraitin, göstərilən sosial və reabilitasiya xidmətlərinin, sosial-psixoloji işin təşkili və həyata keçirilməsi vəziyyəti, habelə fərdi ehtiyaclarının qarşılanması istiqamətində görülən işlərin yerində öyrənilməsi olub.
Başçəkmədə vətəndaş cəmiyyətinin nümayəndəsi və Milli Preventiv Qrupunun fəaliyyətinə cəlb olunmuş ekspert, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də iştirak edib. Əlilliyi olan şəxslərin hüquqlarının təmini məsələləri daha geniş kontekstdə nəzərdən keçirilib və mövcud vəziyyət əhatəli şəkildə qiymətləndirilib.
Yaşayış korpuslarına, yeməkxanaya, tibbi xidməti və reabilitasiya bölmələrinə baxış, habələ müəssisədə yaşayan şəxslərlə konfidensial görüşlər keçirilib, əlilliyi olan şəxslərin yardımçı vasitələrlə təminatı, əlçatan mühitin vəziyyəti, mövcud infrastrukturun onların ehtiyaclarına uyğunluğu, sosial inteqrasiya imkanları və fərdi yanaşmanın tətbiqi ilə bağlı məsələlər araşdırılıb.
Başçəkmə çərçivəsində əlilliyi olan şəxslərin fərdi ehtiyaclarının davamlı olaraq nəzarətdə saxlanılması, əlçatanlıq imkanlarının genişləndirilməsi, habelə yardımçı vasitələrlə təminatın təkmilləşdirilməsi ilə bağlı Milli Preventiv Qrupun üzvləri və ekspert tərəfindən bir sıra tövsiyələr verilib.