AZ

“Prezident İlham Əliyevin liderliyi forumun çəkisini artırdı”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal gündəliyin formalaşdırılmasında artan rolunun növbəti təsdiqidir. Onun sözlərinə görə, Azərbaycan bir daha nümayiş etdirdi ki, qlobal çağırışların müzakirə olunduğu platformaları yüksək səviyyədə təşkil etmək, həmin gündəliyin formalaşmasına substantiv töhfə vermək və çoxtərəfli diplomatiyada fəal iştirak etmək iqtidarındadır. Deputat vurğulayıb ki, Bakı platforması şəhərsalma, məskunlaşma və dayanıqlı inkişaf sahəsində beynəlxalq müzakirələrdə ayrıca “Bakı irsi” formalaşdırıb və bu təcrübə gələcək forumlarda da nümunə kimi istifadə olunacaq.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rizvan Nəbiyev danışıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Liderlər seqmentinin təşkil olunması forumun beynəlxalq çəkisini daha da artırdı. Deputat bildirib ki, 27-dən çox ölkədən dövlət və hökumət başçılarının, eləcə də beynəlxalq təşkilat rəhbərlərinin, 88 nazirin, 130 şəhər merinin iştirakı ilə urbanizasiya, məskunlaşma və şəhərsalma problemlərinin ilk dəfə liderlər səviyyəsində müzakirəyə çıxarılması Azərbaycanın təşəbbüskar dövlət kimi nüfuzunu bir daha nümayiş etdirdi. Liderlər seqmentinin təşkili həm də BMT Məskunlaşmaya məsul UN-Habitat-ın siyasi çəkisinin artmasına Azərbaycanın töhfəsi kimi dəyərləndirilir.

Deputatın sözlərinə görə, nazirlər səviyyəsində qəbul olunan yekun sənəddə — “Sədrin Xülasəsi”ndə də Prezident İlham Əliyevin liderliyi və strateji baxışları xüsusi vurğulanıb.

Rizvan Nəbiyev bildirib ki, forum çərçivəsində Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi şəhərsalma modeli beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. O xatırladıb ki, işğaldan azad edilmiş ərazilərin 13 faizi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib və Azərbaycan humanitar minatəmizləməni milli səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu yanaşma artıq beynəlxalq müstəvidə də diqqət çəkən modelə çevrilir.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi müasir şəhərsalma prinsiplərinə əsaslanır. Həmin ərazilər yaşıl enerji zonası elan olunub, burada sıfır emissiya prinsipi ilə yeni yaşayış məntəqələri qurulur. Eyni zamanda milli memarlıq ənənələri qorunub saxlanılır. Deputat Şamaxı Cümə məscidi, Möminə Xatun türbəsi, İçərişəhər və Şuşa memarlıq irsinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.

Deputatın sözlərinə görə, hazırda Böyük Qayıdış proqramı çərçivəsində 85 mindən çox insan artıq 40 yaşayış məntəqəsində məskunlaşıb və növbəti 10 ildə daha 200 yaşayış məntəqəsinin bərpası nəzərdə tutulur. O qeyd edib ki, forumda iştirak edən 176 dövlətdən 58 mindən artıq nümayəndə ölkəmizdən ayrılarkən Azərbaycanın post-münaqişə şəhərsalma modeli, təhlükəsiz və dayanıqlı məskunlaşma təcrübəsi barədə mühüm mesajlarla geri döndü.

Rizvan Nəbiyev əlavə edib ki, forum çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub. Tədbirin yekununda “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünike qəbul olunub.

Deputat bildirib ki, böyük şəhərlərdə karbon emissiyalarının və ekoloji problemlərin artdığı bir dövrdə təmiz hava, ekoloji təhlükəsizlik və sağlam şəhər mühiti məsələlərinin forumun gündəliyinə daxil edilməsi gələcək beynəlxalq müzakirələr üçün də mühüm istiqamət müəyyənləşdirib.

Deputat sonda vurğulayıb ki, Bakı Forumunun uğuru Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini, Prezident İlham Əliyevin strateji baxışlarına uyğun olaraq qlobal gündəliyə təsir imkanlarının artdığını və ölkənin artıq beynəlxalq platformalarda standart müəyyən edən dövlətə çevrildiyini bir daha nümayiş etdirdi.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
bizimyol.info

1Mənbələr