AZ

Şəhər insana nəfəs verməlidir Əbülfəz Süleymanlı Sosioloji baxış

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Şəhər insanın yalnız yaşadığı məkan deyil, onun yaddaşını, münasibətlərini, gündəlik ritmini və gələcəyə dair ümidlərini daşıyan canlı sosial orqanizmdir. Buna görə şəhərin necə qurulduğu, əslində insanın necə yaşadığı, bir-biri ilə necə münasibət qurduğu və gələcəyi necə təsəvvür etdiyi ilə birbaşa bağlıdır.

Müasir şəhərlər sürətlə böyüyür, eyni zamanda daha mürəkkəb problemlərlə üzləşir. Rəqəmsallaşma, süni intellekt, ağıllı idarəetmə sistemləri və yeni nəqliyyat modelləri şəhər həyatını dəyişdirir. Bununla yanaşı, mənzil problemi, sosial bərabərsizlik, tıxac, hava çirkliliyi, yaşıllığın azalması və insanın şəhərdə özünü tənha hiss etməsi də gündəlik həyatın əsas suallarına çevrilir. Bu səbəbdən şəhər haqqında danışmaq, əslində insanın necə yaşayacağı haqqında danışmaqdır.

Bakıda keçirilən XIII Dünya Şəhərsalma Forumu – WUF13 – bu baxımdan mühüm bir fürsət yaratdı. Forum təhlükəsiz, dayanıqlı və hər kəs üçün əlçatan şəhərlər mövzusunu gündəmə gətirdi. Bu müzakirələrin arxasında sadə, amma çox vacib bir sual dayanır: şəhər kim üçündür? Avtomobil, sərmayə və vitrin üçünmü, yoxsa insan üçün?

Son illərdə dünyada “süngər şəhər”, “yaşıl şəhər”, “ağıllı şəhər”, “kompakt şəhər”, “sakit şəhər”, “yaradıcı şəhər” və “mərhəmətli şəhər” kimi anlayışların önə çıxması da bu axtarışın nəticəsidir. Bu anlayışlar bir tərəfdən suyu düzgün idarə edən, təbiətlə harmoniyada olan, texnologiyanı insanın xidmətinə verən, gündəlik həyatı qısa məsafələrdə əlçatan edən şəhəri ifadə edir; digər tərəfdən yerli mədəniyyəti, sosial həyatı və insan münasibətlərini qorumağın vacibliyini xatırladır. Hamısının ortaq sualı birdir: şəhəri insanın rahat nəfəs aldığı, ədalətli və yaşana bilən məkana necə çevirmək mümkündür?

Bu gün şəhərlərin ən böyük ehtiyacı nəfəs sahəsidir. Beton yığınları arasında sıxışan insan həm fiziki, həm də mənəvi olaraq yorulur. Parkların yaşıl koridorlarla bir-birinə bağlanması, meydanların avtomobil və otopark məkanından insanların görüşə, dayana, nəfəs ala bildiyi ictimai sahələrə çevrilməsi artıq sadəcə estetik seçim sayılmır. Bu, həm sosial, həm də ekoloji zərurətdir. Şəhərin ağciyərləri parklar, bağlar, sahil zolaqları, kölgəli küçələr, piyada yolları və uşaqların təhlükəsiz oynaya bildiyi açıq məkanlardır.

Şəhər avtomobilin sürətinə uyğun qurulanda insanın ritmi pozulur. Geniş yollar, tıxaclar, dar səkilər və səs-küylü küçələr gündəlik həyatı ağırlaşdırır. Halbuki şəhər hərəkət etmək qədər dayanmaq, görüşmək, söhbət etmək və birlikdə yaşamaq üçün də qurulmalıdır. Piyadaya, velosipedə, ictimai nəqliyyata, uşağa, yaşlıya və əlilliyi olan şəxslərə yer açan şəhər daha insani şəhərdir.

Şəhərlərimizdə ən böyük problemlərin başında gələn tıxacların azaldılması üçün kompleks yanaşma vacibdir. Zəruri yerlərdə yolların genişləndirilməsi, yeni yol qovşaqlarının salınması, işıqforların səmərəli tənzimlənməsi, ictimai nəqliyyatın keyfiyyətinin artırılması və avtobus zolaqlarının qorunması mühüm addımlardır. Bununla yanaşı, sürücülərin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi, bir-birinə hörmət göstərməsi, bir-birini acılamaması, “haradan gəldi keçmək” vərdişindən uzaqlaşması şəhər mədəniyyətinin ayrılmaz hissəsidir.

Velosiped yolları da bu mədəniyyətin parçasıdır. Ancaq yol çəkməklə iş bitmir. Velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadəni artırmaq üçün maarifləndirici və təşviqedici tədbirlər görülməlidir. Təhlükəsiz zolaqlar, dayanacaq yerləri, məktəb və universitetlərdə təşviq proqramları, iş yerlərində dəstək mexanizmləri formalaşdıqca velosiped şəhər planında görünən element olmaqdan çıxıb gündəlik həyatın bir hissəsinə çevrilə bilər.

Ağıllı şəhər anlayışı da yalnız kameralar, sensorlar və mobil tətbiqlərlə məhdudlaşmamalıdır. Texnologiya şəhər həyatını asanlaşdırdığı, sosial xidmətləri əlçatan etdiyi, idarəçiliyi şəffaflaşdırdığı zaman dəyərlidir. Kirayə qiymətləri əlçatmaz, ictimai nəqliyyat yaşlılar üçün çətin, uşaqlar üçün təhlükəsiz oyun sahələri yetərsiz qalırsa, rəqəmsal ağıllılıq yarımçıq görünür. Ağıllı şəhər insanı izləyən yox, insanı anlayan şəhər olmalıdır.

Şəhərin insaniliyini ölçmək üçün ən doğru sual budur: burada uşaq rahat böyüyə bilirmi, yaşlı rahat qocalırmı, zəif olan özünü güvəndə hiss edirmi, digər canlılara da yer varmı? Uşaq məhəlləsini tanımalı, məktəbinə təhlükəsiz gedə bilməli, parkda oynaya, ağaca toxuna, qonşunu, esnafı, yaşlını görə bilməlidir. Yaşlı insan evə çəkilməyə məcbur qalmamalı, parkda otura, küçədə rahat hərəkət edə, məhəllə həyatında görünə bilməlidir. Şəhər quşlar, ağaclar, heyvanlar və bütün ekoloji çevrə üçün də yaşana bilən məkan olmalıdır.

Bu baxımdan “mərhəmətli şəhər” anlayışı xüsusi əhəmiyyət daşıyır. Mərhəmətli şəhər uşağı, yaşlını, xəstəni, əlilliyi olan şəxsi, tənha insanı, yoxsulu və köməyə ehtiyacı olanı görən şəhərdir. Məktəb, park, kitabxana, bazar, məhəllə meydanı və ictimai nəqliyyat sosial əlaqə yaradan sahələrə çevrildikdə şəhər yaşayış məkanından ortaq həyat məkanına yüksəlir.

Azərbaycan üçün bu mövzunun başqa vacib tərəfi də var. Şəhər həyatının əsasən Bakıda cəmlənməsi həm paytaxtın yükünü artırır, həm də bölgələrdə sosial həyatın zəifləməsinə səbəb olur. Region şəhərlərində mədəni, sosial, iqtisadi və təhsil imkanlarının canlı tutulması xüsusi əhəmiyyət daşıyır. Gəncin gələcək qurmaq, ailənin daha yaxşı xidmət almaq, tələbənin daha geniş imkan tapmaq üçün mütləq Bakıya üz tutması məcburiyyətə çevrilməməlidir.

Bölgə şəhərlərində parklar, kitabxanalar, mədəniyyət mərkəzləri, universitet mühiti, peşə imkanları, yaradıcı sənaye sahələri və ictimai məkanlar gücləndikcə yerli həyat canlanar, Bakıya həddindən artıq axın da qismən azalar. Hər bölgə şəhərinin öz ruhu, yaddaşı və insan potensialı var. Sağlam şəhər siyasəti paytaxtla yanaşı, bölgə şəhərlərini də yaşadan siyasətdir.

Bakının WUF13-ə ev sahibliyi etməsi bu mənada simvolik əhəmiyyət daşıyır. Bakı qədimliklə müasirliyin, tarixi yaddaşla yenilənmə və inkişaf dinamizminin kəsişdiyi şəhərdir. Burada şəhərlərin gələcəyinin müzakirə olunması həm Azərbaycan, həm də region üçün mühüm mesajdır: şəhərsalma texniki məsələ olmaqla yanaşı, strateji, sosial və mədəni məsələdir.

Forumdan sonra əsas sual qlobal müzakirələrin yerli şəhər həyatına necə çevriləcəyidir. Tədbirlər bitir, bəyanatlar qəbul edilir, qonaqlar gedir. Amma şəhərdə yaşayan insanlar qalır. Onların mənzil ehtiyacı, nəqliyyat problemi, yaşıllıq arzusu və təhlükəsizlik gözləntisi davam edir. Bu cür platformalar gündəlik şəhər siyasətinə, bələdiyyə düşüncəsinə, ictimai iştirak mexanizmlərinə və vətəndaş mədəniyyətinə təsir göstərdikdə həqiqi mənasını tapır.

Şəhər gələcəyin laboratoriyasıdır. Biz necə şəhər qururuqsa, elə insan münasibətləri də qururuq. Bu gün şəhərsalmanın ən vacib prinsipi sadədir: şəhərə nəfəs vermək lazımdır. Təhlükəsiz və dayanıqlı şəhər ədalətli məkan bölgüsü, canlı məhəllələr, etibarlı ictimai nəqliyyat, sosial etimad və təbiətlə barışıq əsasında qurulur.

Gələcəyin şəhəri uşağın, yaşlının, gəncin, ailənin və bütün canlıların birlikdə nəfəs ala bildiyi şəhər olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr