ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, Ermənistan artıq Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya, həmçinin Türkiyə və Gürcüstan üzərindən Avropa ilə dəmir yolu əlaqələrinə malikdir. Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistan–Azərbaycan və Naxçıvan vasitəsilə Ermənistan–İran dəmir yolu bağlantısının da açılması gözlənilir.
“Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, Ermənistan artıq Baş nazir Nikol Paşinyanın dili ilə etiraf edir ki, ölkə yeni və daha əlverişli dövrə qədəm qoyur və Azərbaycan, Gürcüstan, Rusiya, hətta Qazaxıstan, Avropa İttifaqı və digər tərəflərlə kommunikasiyaların qurulması üçün imkanlar yaranır.
.jpg)
Onun sözlərinə görə, bu, Ermənistanın uzun illər davam edən regional təcrid və oyundankənar vəziyyətdən çıxaraq daha fəal iştirakçıya çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev nəzərə çatdırdı ki, Ermənistanın əlverişli tranzit ölkəsinə çevrilmə imkanları var. Lakin Ermənistanın düşünən beyinləri uzun illər çox astagəl və qeyri-müəyyən siyasət yeritdiyindən onlar daim gecikirlər.
Nəticədə bir çox hallarda yaranmış problemlərin həllinə gecikmiş şəkildə yanaşmağa çalışırlar. İndi isə seçkiqabağı dövrdə Nikol Paşinyan özü də Ermənistan üçün yeni imkanların yarandığını bəyan edir”.
Politoloq vurğulayıb ki, Baş nazir Nikol Paşinyan seçicilərinə daha çox ümidverici mesajlar verir:
“O bildirir ki, regionda yeni imkanlar yaranır, müxtəlif istiqamətlərdə kommunikasiya xətləri və nəqliyyat yolları formalaşır. Digər tərəfdən, Naxçıvanın bu prosesdə xüsusi əhəmiyyəti var.
Lakin xatırlatmaq lazımdır ki, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüslərindən biri kimi meydana çıxmışdı və vaxtilə Ermənistan da işğalçı siyasətindən imtina etsəydi, bu layihəyə qoşula bilərdi. Ancaq bu baş vermədi və nəticədə Ermənistan uzun müddət regional layihələrdən kənarda qaldı.
İndi isə uzun gecikmə və itirilmiş vaxtdan sonra rəsmi İrəvanın daha normal mövqe tutmağa başladığı müşahidə olunur. Ermənistan artıq Azərbaycanın yaratdığı yeni regional reallıqlardan faydalana biləcəyini etiraf edir.
Bu isə ölkənin iqtisadi sistemi və gələcək inkişaf perspektivləri baxımından əhəmiyyətli imkanlar vəd edir”.
Tofiq Abbasov əlavə edib ki, bu proseslərin hansı zaman çərçivəsində həllini tapa biləcəyi mühüm məsələdir:
“Əlbəttə, burada tələsmək olmaz, amma ləngimək də doğru yanaşma deyil. Çünki kommunikasiyaların qurulması, tikilməsi və inşası asan proses deyil. Bu, yalnız maliyyə vəsaiti deyil, həm də zaman tələb edir. Digər tərəfdən, relyef xüsusiyyətləri, texniki hesablamalar və müxtəlif proqnozlar da nəzərə alınmalıdır ki, bu məsələlər yaxın perspektivdə öz həllini tapa bilsin. İstəklər və siyasi iradə, şübhəsiz ki, vacib rol oynayır.
Azərbaycan isə öz çevik diplomatiyası ilə mühüm nümunələr ortaya qoyur və göstərir ki, gələcəyin çağırışlarını düzgün dəyərləndirmək və onlara adekvat cavab vermək nə qədər önəmlidir. Bu baxımdan, Azərbaycan reallıqları regiondakı bütün ölkələr üçün imtiyazlı əməkdaşlıq imkanları vəd edir.
Ermənistan artıq anlamalıdır ki, Azərbaycanla düşmənçilik siyasəti yürütmək və işğalçı yanaşmanı davam etdirmək nəticə etibarilə ən çox onun özünə zərər vurub. Ermənistanın itkiləri kifayət qədər böyükdür və bu təsadüfi deyil”.
Politoloqun sözlərinə görə, Ermənistan anlamalıdır ki, bu prosesləri tezləşdirmək, qazanc və mənfəət əldə etməkdən ötrü yalnız Azərbaycan siyasətinə pənah gətirməlidir:
“Yenidən xarici qüvvələrin və müxtəlif təsir mərkəzlərinin təsiri altına düşərsə, yenə itirən tərəf özü olacaq. Türkiyə ilə münasibətlərin tərəfdaşlıq müstəvisində inkişafı və Azərbaycanla əməkdaşlıq da bu baxımdan əhəmiyyətli amillərdəndir. Ermənistan göstərməlidir ki, ayıq, sağlam və konstruktiv yanaşma nümayiş etdirərək keçmişin arxaik düşüncə tərzindən uzaqlaşmağa hazırdır.
Bütün səylər ona yönəlməlidir ki, həm itkilərinin yerini kompensasiya etsin, həm də bölgə xalqlarına və dövlətlərinə heç bir risk yaratmadan inkişaf meyillərinə qoşulsun. Cənubi Qafqaz həqiqətən də tutduğu coğrafi mövqeyə görə dörd tərəfə, hətta dərinə getsək, daha geniş istiqamətlərə çıxış imkanları baxımından olduqca əlverişli regiondur.
Bu baxımdan, Azərbaycanın son onilliklər ərzində inkişaf etdirdiyi nəqliyyat-kommunikasiya və enerji xətlərinin şaxələndirilməsi region dövlətləri üçün əlverişli şərait formalaşdırır. Əlbəttə, Cənubi Qafqazın öz daxilində inteqrasiya potensialı kifayət qədər yüksəkdir.
Əgər Ermənistan vaxtında Azərbaycan və Türkiyəyə qarşı qarşıdurma yaradan siyasət yürütməsə, müharibə və gərginliklərə səbəb olan addımlar atmasaydı, bu potensial daha da böyük ola bilərdi. Ermənistan müxtəlif dövrlərdə ərazi iştahını artıraraq qazanc əldə etmək istəyirdi. İlk növbədə Azərbaycan torpaqları ilə bağlı iddialar nəzərdə tutulur. Onların ümumiyyətlə, bütün həmsərhəd dövlətlərə ərazi iddiası var”.
Tofiq Abbasov bildirib ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlar regionda əməkdaşlıq və inteqrasiya imkanlarını genişləndirir:
“Nəzərə alanda ki, Ermənistan, ümumiyyətlə, süni bir dövlətdir və onu imperiya qüvvələri vaxtında zorla yaratdılar. Bəlli olur ki, onların əsas qayəsi və funksiyası burada destabilliyi yəni pozucu hərəkətləri, dağıdıcı funksiyanı yerinə yetirməkdən ibarətdir. Yəni görürük ki, XIX əsrin əvvəllərindən etibarən Qafqaz bölgəsinə köçürüldükdən sonra ermənilər yalnız və yalnız özlərini müharibələrlə, iddialarla və pozuculuqla ifadə ediblər.
Buna baxmayaraq, Azərbaycan təxminən 30 ilə yaxın davam edən münaqişə şəraitində belə Cənubi Qafqazın kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Ermənistan isə müxtəlif siyasi səbəblər və regional münasibətlər fonunda bu proseslərdən tədricən kənarda qalıb. Bunun həm daxili siyasi səbəbləri, həm də xarici təsirlərlə bağlı tərəfləri olduğu qeyd olunur.
Onlar icazə vermirdilər ki, Ermənistan inteqrasiya siyasətinə qatılsın və Azərbaycan və Türkiyə ilə münasibətlərini rəvanlaşdırsın. Azərbaycan isə xüsusilə son illərdə regionda yeni reallıqlar formalaşdıraraq öz ərazilərini işğaldan azad etdiyini və ərazi bütövlüyünün təmin olunduğunu bəyan edir. Mövcud şərait isə artıq Cənubi Qafqazda yeni əməkdaşlıq, nəqliyyat və inteqrasiya imkanlarının yaranmasına zəmin hazırlayır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Paşinyan Tofiq Abbasov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.