AZ

Bakıda QİÇS dən ölən transgender şəxsin meyiti niyə ortada qaldı? VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkələrdə Bakıda QİÇS-dən vəfat etdiyi iddia olunan transgender şəxslə bağlı görüntülər yayılıb. Kadrlarda meyitin yaxınları tərəfindən götürülmədiyi iddia olunur.

Bakupost.az xəbər verir ki, məsələ müzakirələrə səbəb olmaqla yanaşı, QİÇS-dən vəfat edən şəxslərin meyitlərinin yuyulması, daşınması və dəfn olunması qaydaları ilə bağlı sualları da gündəmə gətirib.

Bəs belə hallarda meyitlərinin yuyulması və dəfn olunması hansı sanitariya və tibbi qaydalar əsasında həyata keçirilir? Digər insanlar üçün hər hansı yoluxma riski varmı?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə sorğu ünvanladıq. Qurumdan Bakupost.az -a bildirildi ki, ictimaiyyət arasında geniş istifadə olunan “QİÇS” ifadəsi (“Qazanılmış İmmun Çatışmazlıq Sindromu”) əslində İİV-infeksiyasının (İnsanın İmmunçatışmazlığı Virusu infeksiyası) son mərhələsini ifadə edir:

“İİV-infeksiyası hava-damcı və ya məişət təması yolu ilə yayılmır. Bu xəstəlik xəstədən sağlama nə hava-damcı yolu ilə, nə də təmas yollu keçmir. QİÇS xəstəliyi əsasən qanla (yoluxmuş qanın köçürülməsi, yoluxmuş şprislə venadaxili inyeksiya), cinsi əlaqə ilə, transplasentar yolla keçir. Bu səbəbdən, İİV-infeksiyasından vəfat etmiş şəxslərin meyitləri gündəlik təmas şəraitində ətrafdakılar üçün yoluxma riski yaratmır”.

Məlumatda qeyd olunub ki, QİÇS xəstəliyindən vəfat etmiş şəxslərin meyitlərinin yuyulması, daşınması və dəfn edilməsi də digər bütün adi hallarda olduğu kimi həyata keçirilir:

“ Yalnız bu meyitlərin daxili müayinəsi zamanı məhkəmə-tibb ekspertləri və patoloqanatomlar ümumi peşə təhlükəsizliyi qaydalarına uyğun olaraq əlavə fərdi qoruyucu vasitələrdən istifadə edirlər.

Yaxınları tərəfindən götürülməyən və morqlarda saxlanılan meyitlərin dəfni qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilir. Belə hallarda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbələri tərəfindən yerli icra və bələdiyyə qurumları məlumatlandırılır və meyitlərin ümumi qaydada qəbiristanlıqlarda dəfn olunması təmin edilir”.

Lalə Novruz, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
www.bakupost.az

3Mənbələr