Ajans.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Tapıntı Meuse bölgəsində yerləşən Dinozavr Muzey-Parkının ərazisində qeydə alınıb. Yumurtaların ölçüsünün kiçik qovun böyüklüyündə olduğu bildirilir. Kəşfi geoloq və muzeyin təsisçisi Alen Kabo edib. Onun sözlərinə görə, yerin daha dərin qatlarında əlavə yumurtaların da olması mümkündür. Mütəxəssislər hesab edirlər ki, yumurtalar Təbaşir dövründə yaşamış titanozavrlara məxsus olub. Güman edilir ki, onlar qədim daşqınlar nəticəsində torpaq altında qalaraq bu günə qədər qorunub. Alen Kabo yumurtaların muzey ərazisində saxlanılmasının vacib olduğunu bildirib. “Əgər onlar buradan çıxarılsa, anbarlarda və ya rəflərdə qalacaqlar. Bu tapıntılar məhz burada nümayiş etdirilməlidir”, — deyə o vurğulayıb. Qeyd edək ki, titanozavrlar Yer tarixində yaşamış ən iri ot yeyən dinozavr növlərindən biri hesab olunur. Onların uzunluğu 15 metrə, çəkisi isə 20 tona qədər çata bilirdi.