AZ

Qurban bayramında ən çox edilən səhvlər Sağlamlığınızı riskə atırsınız

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qurban bayramına sayılı günlər qaldıqca qurbanlıq heyvan seçimi, kəsim qaydaları və ətin təhlükəsiz şəkildə istifadəsi ilə bağlı suallar da aktuallaşır. Qurban ibadətinin düzgün yerinə yetirilməsi yalnız dini qaydalara əməl etməklə məhdudlaşmır, eyni zamanda sağlamlıq və gigiyena tələblərinin də nəzərə alınmasını vacib edir.

Bəs qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməli, ət hansı müddətdə və hansı temperaturda saxlanmalıdır?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, ilk növbədə kəsiləcək heyvanın yaşı nəzərə alınmalıdır:

“Qurbanlıq heyvanların seçimi zamanı onların yaş göstəricilərinə xüsusi diqqət yetirilməlidir. Həmin heyvanlar minimum altı aylıq olmalı və fizioloji baxımdan müəyyən inkişaf mərhələsini tamamlamış vəziyyətdə seçilməlidir. Altı aydan kiçik və tam yetkinləşməmiş qoyunların kəsilməsi həm damazlıq ehtiyatlarının azalmasına səbəb olur, həm də ətin qida dəyərinin aşağı olmasına gətirib çıxarır. Belə heyvanların əti isə qida dəyəri baxımından aşağı olduğu üçün insan insan orqanizmi üçün faydalı olmur.

Kəsim prosesi zamanı sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl edilməsi mühüm əhəmiyyət daşıyır. Heyvanın kəsildiyi ərazi daim təmiz saxlanmalı, qan və digər tullantılar dərhal təmizlənərək dezinfeksiya tədbirləri görülməlidir.

Qurban bayramı günlərində adətən qurbanlıq ətlər müxtəlif hissələrə bölünərək ehtiyacı olan ailələrə, uşaq evlərinə paylanılır. Lakin bu mərhələdə ən çox yol verilən səhvlərdən biri ətin uyğun olmayan şəraitdə daşınmasıdır. Ətin avtomobilin yük hissəsində, oturacaqlarda və ya baqajda, xüsusilə isti hava şəraitində uzun müddət saxlanılması təhlükəli hesab olunur. Yüksək temperatur ətin mikrobioloji çirklənməsinə əlverişli mühit yaradır və hər keçən bir saat ərzində bakteriyaların sürətlə çoxalması riskini artırır. Bu səbəbdən qurbanlıq ətin gigiyenik və təhlükəsiz şəkildə ən geci iki saat ərzində ünvana çatdırılması tövsiyə edilir.

Ətin doğranması və emala hazırlanması prosesi də vaxt baxımından nəzarətdə saxlanmalıdır. Ətin doğranıb bişirilməsi iki saatdan çox olmamalı, doğrandıqdan sonra mümkün qədər qısa müddətdə bişirilməlidir. Əgər ətin bir hissəsi dərhal istifadə olunacaq, digər hissəsi isə sonrakı günlər üçün saxlanılacaqsa, həmin məhsul +4 dərəcə temperaturda soyuducuda 48-72 saat müddətində mühafizə oluna bilər. Lakin əti daha uzun müddət saxlamaq lazımdırsa, onu hissələrə ayırıb, soyuducunun buzluq hissəsində -18 dərəcə temperaturda üç ay müddətində istehlak etmək olar. Ətin hissələrə ayrılması xüsusi əhəmiyyət daşıyır, çünki bir dəfə donu açılmış məhsulun yenidən dondurulması mikrobioloji riskləri artırır və qida zəhərlənmələrinə səbəb ola bilər.

Qurban ətindən hazırlanan yeməklərin bişirildikdən dərhal sonra və ya maksimum bir-iki saat ərzində istehlak olunması məqsədəuyğundur. Xüsusilə kabab və sac yeməkləri açıq mühitlə daha çox təmasda olduğundan mikrobioloji çirklənməyə qarşı daha həssas hesab edilir və bu səbəbdən onların isti halda təqdim olunaraq dərhal yeyilməsi tövsiyə olunur.

Əgər bişmiş ət iki saatdan artıq müddət ərzində otaq temperaturunda qalmayıbsa, həmin məhsul uyğun şəkildə qablaşdırılaraq soyuducuda saxlanmalı və 24 saat ərzində istehlak edilməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
lent.az

1Mənbələr