AZ

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici seminar

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 25 may, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya və Ekoloji biofizika şöbələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəkinin Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbində “İqlim dəyişmələri fonunda şəhər və kənd planlaşdırılmasında müasir memarlıq yanaşmaları” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev belə maarifləndirici tədbirlərin gənc nəslin ekoloji düşüncəsinin formalaşmasında, şəhərsalma mədəniyyətinin təbliğində və ətraf mühitin qorunmasına dair biliklərin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə şəhid anası, məktəbin Əməkdar müəllimi olmuş Dursun Cavadova gənclərin vətənpərvər ruhda tərbiyəsinin vacibliyindən danışıb. O, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu bildirib, şagirdlərə Vətənə, torpağa və milli dəyərlərə bağlı olmağı tövsiyə edib.

Heydər Əliyev adına məktəbin direktoru İsmayıl Balacayev çıxışında ekoloji mövzulara və şəhərsalma məsələlərinə həsr olunan belə tədbirlərin gənclərdə ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. O, alimlərlə məktəblilər arasında keçirilən görüşlərin şagirdlərin elmə marağını artırdığını vurğulayıb.

Sonra Şəki Regional Elmi Mərkəzin əməkdaşları çıxış edərək şəhərsalma, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirdə “Mədəni irs və şəhər kimliyi: memarlıq abidələrinin turizmdə rolu”, “Müasir şəhərlərdə ekoloji problemlər, şəhərlərdə yaşıl zonaların genişləndirilməsinin ekoloji və sosial əhəmiyyəti” mövzularında məruzələr dinlənilib, “Müasir şəhərsalmada biofiziki tarazlıq və WUF13 prioritetləri” mövzusunda təqdimat edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr