Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.
Manset.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən AMEA prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasında nitq mədəniyyətinin xüsusi rolunu vurğulayıb, bütün sahələrində ədəbi dil normalarına riayət edilməsinin vacibliyini qeyd edib. O həmçinin AMEA-da müstəqillik dövrünün prinsipləri əsasında Azərbaycan dili qrammatikasının yeni konseptual model üzrə hazırlanması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı ana dilinin dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, qloballaşma, informasiya texnologiyalarının, süni intellektin sürətli inkişafı və kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dillər yeni çağırışlarla qarşılaşır. Nazir müavininin sözlərinə görə, ana dilinin unudulması və onun həddindən artıq alınma sözlərlə yüklənməsi milli şüura və milli kimliyə təsirsiz ötüşmür. Bu baxımdan ana dilinin qorunması yalnız dil məsələsi deyil, həm də milli özünüdərk, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin gələcəyi ilə bağlı mühüm məsələdir.
Firudin Qurbanov qeyd edib ki, ana dili insanın dünyagörüşünün formalaşmasında, mənəvi aləminin zənginləşməsində, keyfiyyətli təhsil almasında və milli mənsubiyyətinin ifadəsində mühüm rol oynayır.
ADPU-nun rektoru Cəfər Cəfərov isə ana dilini sevən və dərindən bilən müəllimin milli dəyərlərə bağlı, vətənpərvər vətəndaş yetişdirdiyini qeyd edib. O bildirib ki, dilin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir alim, müəllim və tədqiqatçının mühüm məsuliyyətidir.
ADPU-nun prorektoru Mahirə Hüseynova çıxışında Azərbaycan dilinin milli kimliyin formalaşmasında mühüm rolundan danışıb, dilçilik sahəsində mövcud məsələlərin həllində gənc tədqiqatçıların elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O həmçinin tarixi toponimlərin və dialektizmlərin milli yaddaşın qorunmasındakı roluna diqqət çəkib.
Açılış mərasimində çıxış edən digər iştirakçılar tərəfindən Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir çağırışlar şəraitində dil siyasəti, rəqəmsallaşma dövründə ana dilinin qorunması, gənclərin nitq mədəniyyəti və dilə bağlılığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan dilinin saflığının qorunmasına, norma və qaydalarına riayət olunmasına, eləcə də rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsinə mühüm töhfə verir.
Rəsmi hissədən sonra konfrans panel müzakirələrlə davam edib. Panel sessiyalarında ana dilinin milli kimliyin formalaşmasındakı rolu, gələcək perspektivləri və rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin mövqeyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfransın məqsədi dövlət dilinin qorunması və inkişaf etdirilməsi, gənclər arasında ana dilinə hörmət və bağlılığın gücləndirilməsi, Azərbaycan dilinin milli kimliyin və milli-mənəvi dəyərlərin formalaşmasındakı rolunun təşviqindən ibarətdir.











