AZ

Kreml notalardan bezdi - “Bakı ən ağır günlərdə bunu etməmişdi, indi niyə etsin?”

BAKI, 25 may. TELEQRAF

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması xarici ölkələrə şantaj xarakterlidir”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Rusiyanın Kiyevə raket zərbələrini davam etdirəcəyini söyləyən Zaxarova Ukraynanın paytaxtında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və səfirliklərini xəbərdar edib:

“Yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasanız, “günah”ı özünüzdə axtarın, mərmilər səfirliklər və dilpomatlara da tuş gələcək. Yəqin Kreml notalardan bezib.

Kiyevdə binası Rusiyanın raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur. Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb.

Ukraynanın paytaxtındakı səfirliklərin koordinatları Kremlə verilib. Moskva bu koordinatlarla hesalaşmır. Rusiya qoşunları 2022-ci ildə Kiyevə desant töküb Ukraynanın paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkələr səfirliklərinin fəaliyyətlərini dayandırmamışdılarsa, indi niyə bunu etməlidirlər? Əlbəttə, hər bir ölkə xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi bağlamaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq”.

Xatırladaq ki, Rusiyanın mayın 24-də həyata keçirdiyi irimiqyaslı raket və PUA hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına da zərər dəyib. Hava hücumu səbəbindən binanın pəncərələri sınıb.

Azərbaycan səfirliyi bundan əvvəl də bir neçə dəfə Rusiyanın hücumlarından ziyan görüb. Ötən il noyabrın 14-də isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna görə Rusiyaya nota vermişdi.

Seçilən
18
teleqraf.com

1Mənbələr