AZ

Nazir: Kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib

BAKI, 25 may. TELEQRAF

2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Nazir bildirib ki, qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olub:

"Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində öz töhfəsini verən çoxfunksional bir sahədir. Qeyd edim ki, əsasən də regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Siz çıxışınızda da qeyd etdiyiniz kimi, kənd təsərrüfatı, eyni zamanda, iqlimə çox məruz qalan və təbii resurslardan asılı olan bir sahədir. Azərbaycanda torpaq fondunun 55 faizi, istehlak olunan suyun isə 70 faizindən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq".

Seçilən
3
1
teleqraf.com

2Mənbələr