Belarus xarici işlər nazirinin müavini İqor Sekreta Fransa Prezidenti Emmanuel Makronun Belarus lideri Aleksandr Lukaşenkoya etdiyi telefon zənginin Qərbin Minsk ilə münasibətləri normallaşdırmaq istədiyini göstərdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “xarici KİV məlumat yayıb.
Sekreta bildirib ki, dövlət başçıları arasında əlaqələrin qurulması tamamilə normal haldır və son illərdə müşahidə olunmayan diplomatik münasibətlərə maraq artmaqdadır.
“Liderlər ünsiyyət quranda bu, tamamilə normaldır. Əsas müsbət cəhət odur ki, bir neçə ildir mövcud olmayan normal, mədəni əlaqələrə marağın artması müşahidə olunur”, - deyə o, "Birinci Məlumat" telekanalına müsahibəsində bildirib.
Belarus rəsmisi bu cür təmasların gələcəkdə daha da intensivləşəcəyinə ümid etdiyini vurğulayıb. O qeyd edib ki, Minsk ilə Vaşinqton arasında əlaqələrin canlanması Avropa ölkələrinin də Belarusa marağını artırır.
Sekretanın sözlərinə görə, telefon danışığı zamanı regional və təhlükəsizlik məsələləri, eləcə də Belarusun Avropa İttifaqı və xüsusilə Fransa ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
O əlavə edib ki, tərəflər arasında müzakirə ediləcək çoxsaylı məsələlər mövcuddur.
Qeyd edək ki, "BelTA" agentliyinin yaydığı məlumata əsasən, telefon danışığı mayın 24-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Aminə ŞAHSUVARQIZI