AZ

Kafedə yanımıza gəlib, mən Güneli aparmaq istəyirəm dedi Təfərrüat

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan şəhərində 39 yaşlı kişi kafedə tanışına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 12-də, gecə saat 3 radələrində Naxçıvan şəhəri 58-ci məhəllədə yerləşən Faytonçu kafedə baş verib. 1987-ci il təvəllüdlü Amil kafedə baş vermiş mübahisə zamanı əlində olan kəsici alətlə Elçinin (adlar şərtidir – red.) qarının sol tərəfindən bir dəfə vurub. İş üzrə izahat verən Amilin sözlərinə görə, zərərçəkmiş Elçini tanıyıb, Faytonçu kafeyə gəlib-gedən müştəri olub, iş üzrə şahid Günel isə onun sevgilisi olub:“İyulun 12-də, gecə saat 3 radələrində Elçin və Qəhrəman birlikdə stolların birində oturmuşdular. Mən isə Günel, Telman və Əli ilə birlikdə ayaqyolu tərəfdə stolda oturmuşduq. Elçingil araq içirdilər. Bu zaman Elçin gələrək mahnı qoymaq istədi. Həmin vaxt aramızda mahnı söhbəti getdi. Elçin sərxoş vəziyyətdə yanıma gəldi və “mən Güneli aparmaq istəyirəm” dedi. Bu söhbəti mənə xoş gəlmədi. Ona dedim ki, Elçin, sən nə danışırsan, bu nə söhbətdir, gəlib mənə deyirsən. Elçin də aşağı düşməyimizi, birlikdə söhbət etməyi təklif etdi. Birlikdə aşağı düşmək istəyəndə Telman Elçini kamera olan otağa qatmaq istədi. Lakin Elçin onun əlindən çıxaraq pilləkənlərə tərəf gəldi. Digər şəxslər də orada olub. Biz hamımız birlikdə aşağı düşdük, Elçin də avtomobilə tərəf gedəndə söyüş söydü. Mənim əlimdə açar olub, açarında üstündə dırnaqtutan var idi. Dırnaqtutanın içərisində uzun hissəsini, kəsici olan hissəsini çevirdim və balaca bıçağa oxşadı. Onunla Elçinin qarın nahiyyəsindən vurdum. Lakin Elçin nə olduğunu bilmədi. O, həmin vəziyyətdə avtomobilinə mindi və oradan getdi”.İş üzrə zərərçəkmiş Elçin bildirib ki, təqsirləndirilən Amili Naxçıvan şəhəri, Atabəylər məhəlləsindən tanıyıb, Faytonçu kafedə olan zaman da yaxından tanış olublar:“Günel ilə Amil sevgili olublar. İyulun 12-də, gecə saat 3 radələrində kafeyə getdim. Meyxana deyən Turalla birlikdə stolların birində oturdum. Yanımızda da bir nəfər şəxs oturdu, onu tanımadım. Həmin vaxt yeyib-içdik. Bu zaman sərxoş oldum və ürəyim sıxıldı. Stoldan duraraq çölə çıxmaq və havamı dəyişmək istədim. Bu zaman Amil gəldi və dedi ki, düş aşağı, söhbət edək. Ondan nə söhbət edəcəyimizin səbəbini soruşdum. Amil də heç nə demədi. Həmin vaxt yanımızda olan digər şəxslər də ora gəldi. Bizim aramızda durduq yerə mübahisə düşdü. Mən bir kəlmə də söyüş söymədim. Amil heç bir səbəb olmadan mənə ilişdi. Telman problem olacağını gördü və məni oradan kənarlaşdırmaq istədi. Amma Amil əl çəkmədi və mübahisə etdi. O, “düş aşağı, söhbət edək” dedi. Orada olan şəxslərlə birlikdə aşağı düşdük və avtomobilin yanına getdik. Ora çatan kimi Amil əlində olan əşya ilə sol böyrümdən vurdu. Konkret olaraq əşyanı görmədim”.  Zərərçəkmiş qeyd edib ki, daha sonra avtomobilinə əyləşib və oradan gedib: “Həmin vaxt avtomobildə başqa kimin oturmağını bilmədim. Yolu dönəndə sol tərəfimdə ağrı olduğunu hiss etdim. Əlim ilə həmin hissəni yoxlayanda qanadığını, əlimin qan olduğunu gördüm. Sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklər. Avtomobili sərxoş idarə etdiyim üçün avtomobili Naxçıvan Muxtar Respublikasının Dövlət Yol Polisi İdarəsinin mühafizə olunan dayancağına yerləşdirdilər. Xəsarət almağım ilə bağlı Naxçıvan Muxtar Respublikasının Xəstəxanasına getdim. Həkimlər məni müayinə etdilər, yarama 2 tikiş qoydular”. Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 81.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
demokrat.az

1Mənbələr