BAKI, 25 may. TELEQRAF
“Rusiya tərəfdaşları üçün etibarlı enerji təchizatçısıdır. Amma Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq qərarına gələ, İrəvanın axtardığı güzəştli qaz qiyməti bazar əsasında formalaşmağa başlaya bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Ermənistan rəhbərliyinin Rusiya qazı və enerji daşıyıcıları üçün olduqca cəlbedici, hətta son dərəcə güzəştli qiymətlərin olması ilə bağlı bəyanatlarını eşitmişik. Bu, həqiqətən də belədir, Rusiya bütün ölkələrə, xüsusilə də ən yaxın müttəfiq və tərəfdaşlarına enerji daşıyıcılarının etibarlı və məsuliyyətli təchizatçısı olaraq qalır”, - o deyib.
Peskov qeyd edib ki, belə bir rejim digər inteqrasiya təşkilatlarının iştirakçıları üçün mümkün deyil: “Söhbət Avropa İttifaqından gedir. Oradakı qiymətlər tamamilə fərqlidir, bazar əsaslıdır. İrəvandakı dostlarımız bunu çox yaxşı bilirlər”.
Dmitri Peskov “iqtisadi inteqrasiyanın gələcək istiqamətinin seçilməsi məsələsini açıq sual” adlandırıb, amma xatırladıb ki, Nikol Paşinyan Moskvaya səfəri zamanı Ermənistanın AİB-in tamhüquqlu üzvü olaraq qaldığını, həm də xarici siyasətinin digər istiqamətləri, xüsusilə də Avropa ilə münasibətlərini inkişaf etdirdiyini bildirib:
“Paşinyanın o zaman izah etdiyi kimi, müəyyən bir məqamda yekun qərar qəbul edilməli olacaq və bu, referendum yolu ilə həyata keçiriləcək. Yəni qərar verən Ermənistan xalqı olacaq”.