AZ

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

Mayın 27-28-də ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində ölkə üzrə fəaliyyət göstərəcək heyvan kəsimi və satış məntəqələrinin fəaliyyəti, eləcə də görülən hazırlıq işləri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) media nümayəndələri üçün brifinq təşkil olunub.

“İki sahil” xəbər verir ki, brifinqdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, təcrübəyə uyğun olaraq qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq.

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Qalib Əbdüləliyevin sözlərinə görə, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək. Eyni zamanda, işğaldan azad olunan rayonlarda – Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil ediləcək.

Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə müraciət edərək, qurban kəsimini dini qaydalarla yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırıb. Vurğulayıb ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə, hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Seçilən
5
22
ikisahil.az

10Mənbələr