AZ

"Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi" - DEPUTAT

"Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi" - DEPUTAT"BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda rekord göstəricilərlə baş tutdu və davamlı urbanizasiya sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrildi. Forumda 176 ölkədən 58 044 iştirakçı bir araya gəldi, onlardan 3 mindən çoxu tədbirə onlayn qoşuldu. Tədbir çərçivəsində 400-dən çox tədbir, o cümlədən dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və tərəfdaş tədbirləri təşkil olundu. Əsas sessiyalarda 125 ölkədən 400 spiker çıxış etdi. Forumun əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" idi. Çıxışlarda vurğulandı ki, mənzil yalnız əsas ehtiyac deyil, həm də insan ləyaqətinin, sosial inklüzivliyin, iqtisadi imkanların və iqlim dayanıqlığının təməlidir. BMT rəsmiləri bildirdilər ki, dünyada 3,4 milyard insan mənzil və evsizlik problemləri ilə üzləşir və bu səbəbdən mənzil siyasəti qlobal inkişaf gündəliyinin mərkəzində dayanmalıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Liderlərin Bəyanatı seqmenti keçirildi:

"Tədbirdə 27 dövlət və hökumət başçısı iştirak etdi ki, bu da davamlı şəhərsalma və adekvat mənzil məsələlərinə yüksək siyasi dəstəyi nümayiş etdirdi. Yeni Şəhər Gündəliyinin icrasına dair nazirlər görüşündə isə 111 ölkədən 80-i nazir səviyyəsində təmsil olundu.

WUF13-də iqlim dəyişiklikləri, şəhər dayanıqlılığı, əlçatan və münasib mənzil, təmiz hava, nəqliyyat, enerji səmərəliliyi və çoxsəviyyəli idarəetmə məsələləri əsas müzakirə mövzuları oldu. Çıxışlarda vurğulandı ki, iqlim böhranı eyni zamanda mənzil böhranıdır və ən çox həssas qruplara təsir edir. Buna görə şəhər planlaşdırılması, nəqliyyat, infrastruktur, məşğulluq və iqlim siyasəti bir-biri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilməlidir.

Azərbaycanın ev sahibi kimi təqdim etdiyi təcrübə xüsusi maraq doğurdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və "Böyük Qayıdış" proqramı beynəlxalq səviyyədə postmünaqişə dövrü üçün nümunəvi model kimi qiymətləndirildi. Bildirildi ki, Azərbaycan öz daxili resursları hesabına sıfırdan 12 şəhər və 300-dən çox kənd inşa edir. Hazırda 110 şəhər, qəsəbə və kənd üzrə baş plan artıq təsdiqlənib.

Forumun digər mühüm nəticələri sırasında "Bakı Urban Mükafatı"nın təsis olunması, QHT Forumunun keçirilməsi və Biznes və İnnovasiya Mərkəzinin yaradılması oldu.

WUF13 çərçivəsində Azərbaycan pavilyonu ölkənin davamlı şəhərsalma, memarlıq irsi, insan mərkəzli şəhərlər, mənzil siyasəti və ətraf mühitin qorunması sahəsində baxışını və nailiyyətlərini nümayiş etdirdi. Pavilyonda Bakı 2040 Baş Planı, "Böyük Qayıdış" proqramı, ağıllı şəhər və kənd konsepsiyaları, həmçinin turizm potensialı təqdim olundu.

Azərbaycan əsrlərlə formalaşmış zəngin memarlıq və mədəni irsə malikdir və ölkə sürətli urbanizasiya ilə yanaşı, milli memarlıq kimliyinin qorunmasına xüsusi önəm verir. Bu kontekstdə 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunub.

Azərbaycan forum boyunca davamlı şəhərsalma, milli urban forumların təşkili, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri üzrə təcrübəsini bölüşdü. Bildirildi ki, bu ərazilərdə həyata keçirilən yenidənqurma prosesi miqyasına görə misilsizdir və postmünaqişə dövrü üçün beynəlxalq model kimi qiymətləndirilə bilər.

Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi. Bildirildi ki, bu gün şəhərlərdə yaşayan hər dörd uşaqdan biri qeyri-rəsmi yaşayış məntəqələrində böyüyür. Mənzil problemi milyonlarla gəncin gələcəyinə, təhlükəsizliyinə və imkanlarına birbaşa təsir göstərir. Gənclər mənzili yalnız yaşayış yeri deyil, ləyaqət, təhlükəsizlik və aidiyyət qapısı kimi qiymətləndirdilər. Qeyd olundu ki, mənzil siyasəti təhsil, səhiyyə, təhlükəsizlik və iqtisadi imkanlarla əlaqəli şəkildə qurulmalıdır.

2050-ci ilə qədər dünya əhalisinin təxminən 70%-ni gənclər təşkil edəcək və bu səbəbdən bugünkü qərarlar gələcək nəsillərin həyat keyfiyyətini müəyyənləşdirəcək.

"Bakı Fəaliyyətə Çağırış" sənədi inklüziv və çoxtərəfli proses nəticəsində hazırlanıb. Sənədin hazırlanmasında qadınlar, uşaqlar, gənclər, yaşlılar, əlilliyi olan şəxslər, yerli və regional hakimiyyətlər, parlament üzvləri, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor nümayəndələri iştirak edib.

Sənədin əsas mesajı ondan ibarətdir ki, qlobal mənzil böhranı artıq kritik həddə çatıb və bu böhran təsadüfi deyil, sistemli idarəetmə və struktur problemlərinin nəticəsidir. Sənəddə həmçinin vurğulandı ki, növbəti onillik Yeni Şəhər Gündəliyinin icrası baxımından "fəaliyyət onilliyi" olmalıdır və bütün tərəflər konkret nəticələrə yönəlmiş hesabatlılıq mexanizmləri qurmalıdır.

Ev yalnız dörd divar deyil - o, insan ləyaqətinin, mədəniyyətin, kimliyin və təhlükəsiz gələcəyin əsas dayağıdır. Bu ilin iyul ayında BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyi ilə bağlı aralıq hesabatı qəbul ediləcək. Həmin hesabatda Bakıda əldə olunan nailiyyətlərin vurğulanacağı bildirilib".

Vüsalə İbrahimli

Seçilən
20
sonxeber.az

1Mənbələr