AZ

Qurbanlıq heyvanların qiyməti AÇIQLANDI

Bildiyimiz kimi, may ayının 27-si və 28-i Qurban bayramıdır. Bu bayram ərəfəsində insanlar Allah yolunda qurbanlar kəsir, ehtiyacı olanlara qurbanlıq ət paylıyır. Hər il olduğu kimi, bu ildə insanlara heyvan bazarlarına üz tuturaq qoyun-quzu qiymətləri ilə maraqlnırlar.

Bəs keçən ilə nisbətən bu il qiymətlərdə artım varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, bu il Qurban bayramı ərəfəsində qurbanlıq heyvan bazarında qiymətlər yenidən yüksəlib:

"Paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti artıq 300 manatdan başlayır. Ötən il 250–280 manat arasında dəyişən minimal qiymətlər bu il 300–340 manat aralığına yüksəlib. Binə və Şüvəlan ərazilərində qoyun və quzunun diri çəkisinin bir kiloqramı 11 manata, kəsilmiş halda isə 22 manata təklif olunur. Dana ətinin diri çəkisinin kiloqramı 9 manat, kəsilmiş halda isə 18 manatdır. Regionlarda — xüsusilə Şamaxı, İsmayıllı, Ağdaş və digər rayonlarda qiymətlər nisbətən daha münasib qalır. Burada qoyunun kəsilmiş kiloqramı təxminən 20 manata satılır. Qiymət artımının əsas səbəbləri istehsal və logistika xərclərinin bahalaşması ilə bağlıdır. Yem, baytarlıq preparatları, yanacaq, nəqliyyat və saxlanma xərclərində son bir ildə təxminən 20 faizə yaxın artım qeydə alınıb. Bu isə bazarda ümumi qiymət səviyyəsini yuxarı çəkib. Satıcıların və bazar iştirakçılarının fikrincə, builki mövsümdə qurbanlıq heyvanların qiymətində 15–25 faizlik artım artıq reallığa çevrilib.
Lakin burada daha vacib və diqqətçəkən məqam təkcə qiymətlərin bahalaşması deyil. Maraqlıdır ki, satıcıların sözlərinə görə, bu il tələbat əvvəlki illərlə müqayisədə daha zəifdir. Bu isə iqtisadi vəziyyətin əhalinin gündəlik istehlak davranışına birbaşa təsir etdiyini göstərir. Başqa sözlə, bazarda qiymətlər artsa da, alıcı sayı eyni templə artmır".

Onun sözlərinə görə, bu tendensiya ölkədə real gəlirlərlə inflyasiya arasındakı fərqin dərinləşdiyini göstərən sosial-iqtisadi siqnaldır:

"Ərzaq və xidmət qiymətləri yüksəldikcə insanların prioritetləri dəyişir; bir çox ailələr üçün dini və ənənəvi xərclər belə artıq ciddi maliyyə yükünə çevrilir. Xüsusilə orta və aşağı gəlirli ailələr əvvəlki illərdə rahatlıqla edə bildikləri qurban kəsimini indi ya bölüşərək həyata keçirir, ya da ümumiyyətlə təxirə salırlar. Digər tərəfdən, regionlarla Bakı arasındakı qiymət fərqi də bazarın struktur problemini ortaya qoyur. Paytaxtda ət və heyvan satışında vasitəçilərin çoxluğu, icarə xərcləri və logistika zəncirinin baha olması qiymətləri daha da artırır. Regionlarda isə heyvan təsərrüfatlarına yaxınlıq və nəqliyyat məsafəsinin qısa olması qiymətlərin nisbətən aşağı qalmasına səbəb olur. Bu vəziyyət onu göstərir ki, Qurban bayramı bazarında müşahidə olunan bahalaşma təkcə mövsümi tələb artımının nəticəsi deyil. Burada ümumi inflyasiya, kənd təsərrüfatında istehsal xərclərinin yüksəlməsi, idxaldan asılı yem bazarı və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi kimi daha dərin iqtisadi faktorlar rol oynayır. Bayram bazarı isə bu problemlərin ən görünən aynasına çevrilib".

NURİYYƏ

Seçilən
2
1
redaktor.az

2Mənbələr