Almaniyanın lüks avtomobil və həyat tərzi brendi olan BRABUS Azərbaycanda yeni premium yaşayış layihəsinə başlayır.
APA xəbər verir ki, şirkət Sabah Investment Group ilə əməkdaşlıq çərçivəsində “BRABUS ISLAND Baku” adlı yeni yaşayış kompleksini inşa edəcək.
Layihə Bakıətrafı Nardaran qəsəbəsində, Sea Breeze yaşayış kompleksinin ərazisində yerləşəcək. Xəzər dənizi sahilində inşa olunacaq kompleksin Bakı şəhər mərkəzindən bir saatdan az məsafədə yerləşdiyi bildirilir.
Layihə ümumilikdə 115 min kvadratmetr ərazini əhatə edəcək və burada 574 eksklüziv yaşayış vahidi tikiləcək. Kompleksin memarlığında BRABUS-un fərdilik və premium dizayn konsepsiyasından istifadə olunacaq. Tikintinin 2030-cu ildə başa çatdırılması planlaşdırılır.
Həmçinin bu layihə BRABUS-un daşınmaz əmlak sektorunda həyata keçirdiyi beynəlxalq konsepsiyanın davamıdır. Şirkət daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində “BRABUS ISLAND Abu Dhabi” layihəsini reallaşdırıb.
BRABUS-un baş direktoru Konstantin Buşman bildirib ki, Azərbaycan şirkətin yeni yaşayış layihələri üçün mühim məkanlardan biridir:
“Daşınmaz əmlak layihələrimiz BRABUS brendinin fəlsəfəsini avtomobil sektorundan kənara daşımağa imkan verir. Bakıdakı yeni layihənin də böyük maraq doğuracağına inanırıq”.
Sabah Investment Group-un İdarə Heyətinin sədri Orxan Mustafayev isə qeyd edib ki, layihə Azərbaycanda premium daşınmaz əmlak sektorunda yeni standartların formalaşmasına töhfə verəcək:
"Tərəfdaşlıq Bakının beynəlxalq daşınmaz əmlak bazarındakı mövqeyinin güclənməsinə xidmət edir".