AZ

Gənc yaşda qəfil ürək dayanmasının əsas səbəbi tapılıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Gənclərdə baş verən qəfil ürək dayanması halları yaşlı pasiyentlərlə müqayisədə daha çox irsi genetik mutasiyalarla bağlıdır. "JACC: Clinical Electrophysiology" elmi jurnalının Sidars-Sinay Tibb Mərkəzinin tədqiqatına istinadən yaydığı məlumata görə, mütəxəssislər bu qənaətə qəfil ürək dayanması keçirmiş 3 mindən çox insanın genomunu təhlil etdikdən sonra gəliblər. Araşdırma nəticəsində insan orqanizmində ürək ritminin təhlükəli şəkildə pozulması riskini artıran 15 xüsusi gen müəyyən edilib.

Ürəyin elektrik aktivliyində yaranan nasazlıq səbəbindən orqanın qan pompalamasını qəfil dayandırması ilə müşahidə olunan bu patologiya sürətlə inkişaf edir və əksər hallarda ölümlə nəticələnir. Alimlər aşkar ediblər ki, genetik faktorlarla bağlılıq özünü ən qabarıq şəkildə gənclərdə büruzə verir. Belə ki, yaşı 29-dan aşağı olan pasiyentlərin təxminən 10 faizində təhlükəli mutasiyalar tapıldığı halda, 70 yaşdan yuxarı şəxslərdə bu göstərici cəmi 3 faiz təşkil edib.

Tədqiqat müəllifləri bu fərqin müxtəlif yaş qruplarında xəstəliyin tamamilə fərqli səbəblərdən qaynaqlandığını sübut etdiyini bildirirlər. Gənclərdə bu vəziyyət əsasən anadangəlmə ürək qüsurları və irsi faktorlarla şərtlənir. Yaşlı nəslin nümayəndələrində isə əsas rolu arteriyaların tutulması, ürəyin işemik xəstəliyi və digər yaşla bağlı qazanılmış patologiyalar oynayır.

Mütəxəssislərin fikrincə, əldə olunmuş nəticələr qəfil ürək dayanmasının profilaktikasına yanaşmanı kökündən dəyişə bilər. Həkimlər ailəsində bu cür anidən ölüm halları qeydə alınan şəxslərə genetik testdən keçməyi tövsiyə edirlər. Bu üsul yüksək riski qabaqcadan müəyyən etməyə, ürəyin fəaliyyətini nəzarətdə saxlamağa və vaxtında müalicəyə başlayaraq həyat tərzini korreksiya etməyə imkan verir.

Ə.Arzu
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr