AZ

Lukaşenkonun rəqibi Kiyevə getdi Zelenski ilə görüşəcək (FOTOLAR)

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya mayın 25-i səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə rəsmi səfərə gəlib. Bu, onun “rəsmi status”da Kiyevə ilk gəlişidir.

"AzPolitika" xəbər verir ki, Qərb ölkələri və tərəfdarları tərəfindən Belarusun legitim prezidenti kimi qəbul edilən Tixanovskayanın bu səfəri olduqca gərgin və kritik bir dövrə təsadüf edir.

Tixanovskayanın müşaviri Denis Kuçinski səfərlə bağlı bildirib ki, bu addım Belarus və Ukrayna xalqlarının azadlıq və ləyaqət uğrunda apardıqları mübarizədə həmrəyliyinin bariz göstəricisidir.

Maraqlıdır ki, müxalifət lideri Kiyevə Rusiyanın paytaxta endirdiyi kütləvi raket zərbələrindən cəmi bir gün sonra gəlib. Ukrayna Dəmir Yolları ("Ukrzaliznıtsya") tərəfindən Tixanovskayaya üzərində böyük rəmzi məna daşıyan "Azad Minskə bilet" təqdim olunub.

Səfər çərçivəsində Tixanovskayanın Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərlə görüşü gözlənilir.

Qeyd edək ki, bu görüş Ukrayna ilə rəsmi Minsk arasında münasibətlərin kəskin pisləşdiyi bir vaxtda baş tutur. Kiyevdə hesab edirlər ki, Belarus hakimiyyəti yaxın gələcəkdə Rusiyanın tərəfində müharibəyə birbaşa daxil olmağa hazırlaşır.

Digər tərəfdən, bu səfər ərəfəsində beynəlxalq müstəvidə də Belarusla bağlı diqqətçəkən addımlar atılıb. Fransa Prezidenti Emmanuel Makron son 4 ildə ilk dəfə Aleksandr Lukaşenko ilə telefonla danışıb. Fransa mediasının yaydığı məlumata görə, Makron Lukaşenkonu Ukraynaya qarşı müharibədə birbaşa iştirakdan qətiyyətlə çəkindirməyə çalışıb.

Xatırladaq ki, Svetlana Tixanovskaya 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərində vahid müxalifət namizədi olub. Rəsmi rəqəmlər Aleksandr Lukaşenkonun qalib gəldiyini elan etsə də, müxalifət və beynəlxalq müşahidəçilər real səs çoxluğunu Tixanovskayanın qazandığını bəyan ediblər. Seçkilərdən sonra başlayan genişmiqyaslı xalq etirazları rejim tərəfindən zorakılıqla yatırılıb və Tixanovskaya ölkəni tərk etmək məcburiyyətində qalıb. O, hazırda mühacirətdə "Birləşmiş Keçid Kabineti" formalaşdıraraq Belarusun demokratik qüvvələrinin tanınmış lideri kimi fəaliyyətini davam etdirir.

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
azpolitika.info

1Mənbələr