AZ

“Araz Naxçıvan” baş məşqçisini istefaya göndərir? – Klubdan AÇIQLAMA

Premyer Liqa start götürəndə Avrokuboklara vəsiqə uğrunda mübarizə aparcacağı gözlənilən, lakin qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyən “Araz Naxçıvan” klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Klubun hazırkı baş məşqçisi Andrey Demçenko ilə müqavilənin uzadılmayacağı və istefaya göndəriləcəyi iddia olunur. Hətta mətbuatda ukraynalı mütəxəssisin xələfinin Cavid Hüseynov olacağı ilə bağlı xəbərlər də yayılıb.

Klubun idman direktoru Ceyhun Sultanovun məhz Hüseynovu komandaya gətirmək istədiyi məlum olub. Məsələni dəqiqləşdirmək üçün Ceyhun Sultanovun özü ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında komandada baş məşqçi dəyişikliyinin hələ konkretləşmədiyini bildirib:
 

“Baş məşqçi məsələsi ilə bağlı qərarı mən vermirəm. Klubun Müşahidə Şurası və sponsonrları bu məsələyə baxacaqlar. Çempionat yenicə qurtarıb. Yaxın günlərdə yəqin ki, yekun qərar veriləcək. Andrey Demçenko hələ ki, öz vəzifəsindədir. Ancaq yekun qərar necə olacaq onu deyə bilmərəm. Ukraynalı öz vəzifəsində qala da bilər, gedə də bilər. Bir daha xatırladım ki, hər şey klub rəhbərliyinin verəcəyi qərardan asılı olacaq”.


Qeyd edək ki, bu ilin yanvar ayında “Araz Naxçıvan”a baş məşqçi təyin olunan Andrey Demçenko ilə 5 ay+1 illik müqavilə imzalanmışdı. Onun rəhbərliyi ilə klub Premyer Liqanı 46 xalla 6-cı pillədə başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
26
1
bizim.media

2Mənbələr