Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Medvedev “RIA Novosti” agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Paşinyan Rusiyanın Ermənistana göstərdiyi “qardaşlıq yardımı və dəstəyi” qiymətləndirməyərək qonşu dövlətlə münasibətlərin pozulması kursunu seçib.
“Xüsusilə təhlükəlidir ki, müvəqqəti siyasi fiqur olan Nikol öz vətənini banderaçı Ukraynanın kədərli yoluna fəal şəkildə sürükləyir”, – deyə Medvedev bildirib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzvlüyündən iqtisadi fayda əldə etməsinə baxmayaraq, Paşinyan birlik çərçivəsində keçirilən sammitlərdə iştirakdan imtina edir və “Rusiyanın iyrənc düşmənlərini” İrəvanda toplayır.
Qeyd edək ki, Medvedev daha əvvəl də Paşinyan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətini tənqid etmişdi. Medvedev bildirmişdi ki, Ermənistanda qazın Avropa qiymətləri ilə satılması əhali arasında ciddi narazılıq yarada və bu, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilər.
Bizim.Media