AZ

Etimoloji lüğətə ehtiyac var - ADPU prorektoru

“Ana dili bizim milli kimliyimizi təsdiqləyən pasportdur".

AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışı zamanı deyib.

O bildirib ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda mühüm işlər görülür:

“Bu gün Məmməd müəllimin rəhbərliyi ilə Dilçilik İnstitutunda çox əhəmiyyətli işlər aparılıb. Bunu hər kəs görür və həmin fəaliyyətin cəmiyyət üçün faydası danılmazdır. Bununla belə, məncə, etimoloji lüğətin hazırlanmasına da ciddi ehtiyac var.

Bu istiqamətdə araşdırmalar daha da genişləndirilməlidir. Necə ki, təhsildə ideoloji hazırlıq mühüm əhəmiyyət daşıyır, dil və toponimlərin tədqiqi də eyni dərəcədə vacibdir. Cənab Prezident də akademiyanın 80 illiyinə həsr olunan tədbirdə qeyd etmişdi ki, xəritədə “Göyçə gölü” adı işlədilir, “Sevan” yazılmır. Bu kimi çoxsaylı faktlar mövcuddur və toponimlərin etimoloji baxımdan araşdırılması zəruridir.

Heç bir ad təsadüfən yaranmır. Məsələn, ulu öndərin ata-babaları ilə bağlı Comərdlik kəndi, sonradan Comardlı kəndi və bu kimi yüzlərlə toponim mövcuddur. Bunların elmi şəkildə araşdırılması vacibdir. Çünki dünəni bilmək gələcəyi müəyyənləşdirir.

Ana dili bizim milli kimliyimizi təsdiqləyən pasportdur, möhürdür. Ona bundan daha güclü ifadə tapmaq çətindir. Dil bizim varlığımızdır.

Ümidlər heç vaxt ölməməlidir. Burada əsas məqam insanın ümidlərini yaşatmasıdır. Dil də ümidlər yaşadıqca inkişaf edir.

Mən inanıram ki, bugünkü tələbələr keçmişdən gələn sözləri, adları və faktları yaşadacaq, onları yenidən ədəbiyyata və bədii düşüncəyə qaytaracaqlar. Mən şeirlərimdə “ləyri” sözünü işlətmişdim və çoxları bu sözün mənasını soruşurdu. Halbuki bu kimi sözlər dilimizin zənginliyini göstərir və onları başqa ifadələrlə əvəz etmək olmur. Belə sözləri yenidən dilimizə qaytarmaq vacibdir.

Biz bunu etməliyik. Çünki cənab Prezidentin sərəncamları dövlət siyasətinin əsas istiqamətidir və biz bu siyasətin icraçılarıyıq. Ən əsası isə, biz bu dilin daşıyıcılarıyıq. Bu dil bizim ana laylamız, kimliyimizdir".

Seçilən
31
azedu.az

1Mənbələr