AZ

Azərbaycanda ‘uşaq fondu’ sistemi yaradılmalıdır Politoloqdan TƏKLİF

Azərbaycanda “uşaqpulu” mövzusu yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Milli Məclisin deputatı Günay Ağamalı və jurnalist Mir Şahin Ağayevin məsələ ilə bağlı səsləndirdiyi fikirlərdən sonra mövzu ətrafında müxtəlif yanaşmalar gündəmə gəlib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, cəmiyyətdə “uşaqpulu” anlayışı ilə bağlı yanlış təsəvvürlər mövcuddur. Onun sözlərinə görə, bu sosial dəstək mexanizmi bütün ölkələrdə tətbiq edilmir və əsasən demoqrafik artımın zəiflədiyi dövlətlərdə istifadə olunur.

Politoloq qeyd edib ki, Almaniya, Fransa, İsveç və Norveç kimi ölkələrdə ailələrin daha çox uşaq sahibi olması üçün müxtəlif maliyyə təşviqləri həyata keçirilir. Yaponiya isə aşağı doğum səviyyəsi və əhalinin qocalması səbəbindən uzun illərdir ailələrə əlavə dəstək proqramları tətbiq edir. Macarıstanda isə çoxuşaqlı ailələr üçün vergi güzəştləri və subsidiyalar verilir.

Turan Rzayev hesab edir ki, dövlətlərin bu siyasəti yalnız sosial yardım məqsədi daşımır. Onun fikrincə, bugünkü uşaqlar gələcəyin işçi qüvvəsi və iqtisadi sistemin əsas dayağı olduğundan, ailələrə edilən dəstək strateji investisiya kimi qiymətləndirilir.

Politoloq vurğulayıb ki, Azərbaycanda uzun illər yüksək doğum göstəriciləri müşahidə olunduğu üçün “uşaqpulu”nun 2006-cı ildə ləğvi ciddi problem yaratmamışdı. Lakin son illərdə doğum səviyyəsinin azalması, həyat xərclərinin artması, mənzil problemi və gec evlilik tendensiyası gələcəkdə demoqrafik risklər yarada bilər.

O bildirib ki, klassik “uşaqpulu” modelinin bərpası əvəzinə daha uzunmüddətli və strateji yanaşma tətbiq edilə bilər. Politoloqun təklifinə görə, “uşaq fondu” adlı xüsusi sistem yaradılmalıdır.

Bu modelə əsasən, uşaq doğulduğu andan onun adına xüsusi hesab açılır və həmin hesaba həm valideynin maaşından müəyyən faiz, həm də dövlət tərəfindən əlavə vəsait köçürülür. Gəliri az olan ailələr üçün dövlətin dəstəyi daha yüksək ola bilər.

Rzayevin sözlərinə görə, bu vəsait gündəlik xərclər üçün deyil, uşağın gələcək həyatı üçün yığılmış kapital kimi formalaşacaq. Belə fond vasitəsilə gənclər 18 yaşına çatdıqda təhsil, mənzil və ya biznes qurmaq üçün müəyyən maliyyə bazasına sahib ola bilərlər.

Politoloq hesab edir ki, bu yanaşma gənclərin iqtisadi asılılığını azaltmaq və uzunmüddətli sosial təminatı gücləndirmək baxımından daha effektiv ola bilər.

Seçilən
32
news365.az

1Mənbələr