AZ

Nə üçün köhnə filmlərə dəfələrlə baxırıq?

Bəzi insanlar köhnə film və ya serialları izləməyi çox sevirlər.

Hətta eyni ekran işinə onlarla, yüzlərlə dəfə sıxılmadan baxan şəxslər var. Əlbəttə ki, bu da birmənalı qarşılanmır. Çünki bəzi insanlar eyni filmə və ya seriala dəfələrlə baxmağı vaxt itkisi hesab edərkən, bəziləri üçün isə bunu etmək ən xoş əyləncələrdən biri sayılır. 

Bəs bu vəziyyətə səbəb nədir? İnsanlar nə üçün bir filmə və ya seriala dəfələrlə baxmaq istəyirlər?

Mütəmadi olaraq yeni film və ya serialların çəkilməsinə baxmayaraq, replikalarını əzbər bildiyimiz o köhnə ekran işinə yenə də baxırıq. Əslində, bunun səbəbi psixolojidir. Nəzərə almaq lazımdır ki, əsasən yorğun, gərgin və ya qəmgin olanda yenə eyni filmin qarşısına keçirik. Sonunu, kimin nə vaxt güləcəyini, hansı səhnədə hansı musiqinin çalacağını addım-addım bilirik. Buna rəğmən, yenə də eyni heyranlıqla izləyirik. Axı bizi yeni hekayələrin həyəcanından qoparıb, tanış ssenarilərin qucağına atan nədir?

Bu, ilk növbədə “emosional təhlükəsizlik” istəyindən irəli gəlir. Müasir həyat sürprizlərlə doludur və təəssüf ki, bu sürprizlərin hamısı xoş olmur. Gün ərzində qərarlar verməkdən, stressdən və qeyri-müəyyənlikdən yorulan beyin axşam saatlarında sadəcə rahatlamaq istəyir. Yeni bir film izləmək beyin üçün əlavə işdir: yeni personajları tanımalı, süjet xəttini yadda saxlamalı və ən əsası, “sonu necə bitəcək?” gərginliyini yaşamalıdır. 

Köhnə filmdə isə belə bir risk yoxdur. Sonu bəllidir, pis qəhrəmanın qalib gəlməyəcəyindən, sevdiyimiz personajın ölməyəcəyindən əminik. Bu, beynimiz üçün bir növ “emosional təhlükəsizlik zonası”dır. Heç bir sürpriz yoxdur və bu proqnozlaşdırıla bilənlik sanki bizə rahatlıq verir. 

Bundan başqa, psixologiyada “koqnitiv qənaət” deyilən bir anlayış var. Yəni beynimiz enerjiyə qənaət etməyi sevir. Tanış bir filmi izləyərkən diqqətimizi maksimum dərəcədə toplamağa ehtiyac qalmır. 

Bəzən də yenidən baxanda o filmi ilk dəfə izlədiyimiz zamana və o dövrdəki özümüzə səyahət etməkdir. Daha dəqiq desək, film və serial vasitəsilə keçmişi və xoş xatirələrimizi yenidən yada salmaq üçün bu addımı atırıq.

Ümumiyyətlə, eyni filmə və ya seriala dəfələrlə baxmaq vaxt itkisi deyil. Bu, ruhunuzun sizdən xahiş etdiyi kiçik fasilə, tanıdığınız və güvəndiyiniz köhnə xatirələri yad etməkdir. Faktiki olaraq, dünyada hər şey bu qədər sürətlə dəyişdiyi bir dövrdə bəzi şeylərin tamamilə eyni qaldığını bilmək pis fikir deyil...

Aslan

Seçilən
5
6
hit.az

7Mənbələr