AZ

Çində fövqəladə vəziyyət ELAN EDİLDİ

Çinin mərkəzi və şərq bölgələrində güclü yağışlar və sel təhlükəsi səbəbindən fövqəladə vəziyyət edilib. 

Anhui və Hubei əyalətlərində ən yüksək təhlükə səviyyəsi olan “qırmızı xəbərdarlıq” elan olunub. Sel riski olan bölgələrdə təxliyə işləri davam edir, minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.

"Cebheinfo.az" xəbər verir ki, Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsi Anhui əyalətinin qərbi və Hubei əyalətinin şərqində yerləşən yaşayış məntəqələri üçün ən yüksək xəbərdarlıq səviyyəsini tətbiq edib.

Səlahiyyətli qurumlar xəbərdarlıq ediblər ki, bazar günü saat 20:00-dan bazar ertəsi saat 20:00-dək güclü yağışlar səbəbindən dağ çaylarında qəfil daşqın riski olduqca yüksək olacaq.

Bu arada Zhejiang, Anhui, Jiangxi və Hubei əyalətlərinin bəzi bölgələri üçün “narıncı xəbərdarlıq” elan olunub. Yerli idarələrə real vaxt rejimində monitorinq aparmaq və qabaqlayıcı təxliyələr həyata keçirmək tapşırılıb.

Henanın cənubu, Anhui əyalətinin qərb və cənub hissələri, Hunanın şimal-qərbi, Jiangxi əyalətinin şimal-şərqi və Chongqingin şimal-şərqində güclü yağışların gecəyədək davam edəcəyi bildirilib. Anhui əyalətinin cənub-qərbi və Hubeinin qərbində isə şiddətli fırtına gözlənilir.

Çinin dörd pilləli sel xəbərdarlığı sistemində “qırmızı” ən yüksək təhlükə səviyyəsini ifadə edir. Ondan sonra “narıncı”, “sarı” və “mavi” xəbərdarlıqlar gəlir.

Ölkənin cənub-qərbində yerləşən Çonqçin bölgəsində həftəsonu baş verən seldə 3 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Əvvəlki gecə başlayan və gün boyu davam edən leysan yağışları bölgənin bir çox hissəsində daşqınlara səbəb olub. Sel bölgələrində yaşayan 1805 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Yonqçuan rayonunda sel nəticəsində 3 nəfər ölüb, 17 nəfərdən isə hələ də xəbər yoxdur. Beybey rayonunda baş verən seldə də 2 nəfərin itkin düşdüyü bildirilib.

Daşqınlar səbəbindən Yonqçuan rayonunda 1-ci səviyyəli, 29 rayon və qəsəbədə 2-ci səviyyəli, 9 rayon və qəsəbədə isə 3-cü səviyyəli fövqəladə vəziyyət elan olunub.

Güclü yağışlar nəticəsində 22 rayon və qəsəbədə çaylarda suyun səviyyəsi təhlükəli həddi keçib. Bölgədə axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.

Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi bölgədə vəziyyəti qiymətləndirmək və seldən zərər çəkən əhalinin əsas ehtiyaclarının qarşılanmasına dəstək vermək üçün xüsusi işçi qrupu göndərib.

Seçilən
13
cebheinfo.az

1Mənbələr