Rusiyanın National Research Nuclear University MEPhI universitetinin gənc alimləri ağız boşluğundakı bakteriyalarla işıq vasitəsilə mübarizə aparan innovativ diş fırçası hazırlayıblar.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, yeni texnologiya fotodinamik effekt prinsipi əsasında işləyir. Diş fırçasına yerləşdirilən xüsusi işıq diodu müəyyən spektrli işıq yayaraq bakteriyaları məhv edir və iltihabı azaltmağa kömək göstərir.
Layihənin müəlliflərindən Kseniya Qaluşkina bildirib ki, onların məqsədi sadəcə diş təmizləmə vaxtını xatırladan cihaz yaratmaq olmayıb:
“Biz əlavə səs deyil, əlavə işıq texnologiyası tətbiq etdik. İşığın müəyyən spektri ağız boşluğundakı bakteriyaları məhv edir”, – deyə o qeyd edib.
Tədqiqatçılar vurğulayıblar ki, insanların 92 faizi dişlərini tövsiyə olunan iki dəqiqədən az müddətdə təmizləyir və yeni texnologiya ağız gigiyenasını daha effektiv etməyə yönəlib.
Layihə Arxangelskdə keçirilən “BioNovaции” fənlərarası çempionatında üçüncü yerə layiq görülüb və böyük şirkətlərin diqqətini cəlb edib.
Hazırda alimlər hazırladıqları prototipi kommersiya məhsuluna çevirmək üçün tərəfdaş şirkətlə əməkdaşlığa başlamağı planlaşdırırlar.
NURİYYƏ