AZ

Bu il bu qrup üçün abituriyent yalnız keçən ilin balına baxıb qərar verməməlidir - Əməkdar müəllimdən TÖVSİYƏ

Son illərlə müqayisədə bu il III ixtisas qruplarına sənəd verən abituriyentlərin sayında müəyyən azalma müşahidə olunub. Əvvəlki illərdə II ixtisas qrupunda rəqabət nisbətən daha aşağı idisə, bu il II qrupda iştirakçı sayı III qrupla müqayisədə daha yüksək görünür.

Bəs bu 2-ci qrupun ballarında artıma səbəb olacaqmı?

Əməkdar müəllim Sona Əliyeva mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, abituriyent sayının artması təkbaşına bütün ixtisaslarda balların yüksələcəyi demək deyil.

Onun sözlərinə görə, bu, rəqabətin artmasının göstəricisidir:

"Xüsusilə iqtisadiyyat, maliyyə, mühasibat uçotu, biznesin idarə edilməsi, logistika, menecment kimi daha çox seçilən ixtisaslarda keçid ballarının qalxması mümkündür. Artıq, valideynlər də, abituriyentlər də əmək bazarına daha praktik baxmağa başlayıblar. İnsanlar düşünür ki, ali təhsilin olması ilə kifayətlənib iş tapmaq olmaz, ixtisas seçimi iş tapmağın təminatı olmalıdır. Məsələn, hansı sahə daha tez gəlir gətirə bilər? Hansı diplom gələcəkdə həm dövlət, həm özəl sektorda istifadə oluna bilər? Bu suallar II qrupa marağı artırır. Amma məsələni şişirtmək də olmaz".

Müsahibimiz qeyd etdi ki, keçid balını yalnız iştirakçı sayı müəyyən etmir.

"Plan yerləri, dövlət sifarişli yerlərin sayı, imtahan nəticələrinin ümumi səviyyəsi və abituriyentlərin seçim davranışı da burada həlledici rol oynayır. Bəzən abituriyent sayı artsa da, nəticələr zəif olarsa, ballarda ciddi sıçrayış baş vermir. Əksinə, yüksək nəticə göstərənlərin sayı çoxalarsa, az müraciət olan qrupda belə ballar arta bilər. Ona görə də bu il II qrup üçün abituriyent yalnız keçən ilin balına baxıb qərar verməməlidir. Öz real nəticəsini, ixtisasın nüfuzunu, plan yerini, region faktorunu və gələcək iş imkanlarını birlikdə qiymətləndirməlidir. Görünür ki, 2026-cı ildə II qrup əvvəlki illərlə müqayisədə daha rəqabətli görünəcək. Amma bal artımı bütün ixtisaslarda eyni olmayacaq. Daha çox tələb görən ixtisaslarda artım ehtimalı var, daha az seçilən və plan yeri geniş olan ixtisaslarda isə ballar sabit qala bilər", - deyə S.Əliyeva əlavə etdi.

Xədicə BAXIŞLI 

Seçilən
13
1
redaktor.az

2Mənbələr