“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovun QOL.az saytına müsahibəsi
- Mövsümün son turunda “Kəpəz” üzərində qələbə qazandınız (1:0). Oyun barədə nə deyə bilərsiniz?
- Konfrans Liqasına vəsiqə qazansaq da, bu matça ciddi hazırlaşmışdıq. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Şükür Allaha ki, istəyimizə çatdıq. Sevincliyik.
- Matça ciddi hazırlaşdığını qeyd etdiniz. Nəticəsi heç bir əhəmiyyət kəsb etməyən görüşə motivasiya olmaq nə dərəcə çətin idi?
- Biz mövsüm boyu hər oyuna ciddi yanaşmışıq. Bura gəlib çatmaq üçün çox əziyyət çəkmişdik. “Kəpəz”lə görüş də istisna təşkil etmədi. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Fasiləyə daha yüksək əhval-ruhiyyədə yollanmaq baxımından qələbə vacib idi. Bu barədə futbolçularla öz aramızda da danışmışdıq. Bütün “Neftçi”sevərləri təbrik edirəm.
- Qələbəyə baxmayaraq, xeyli qol epizodunu boşa verdiniz. Bunu nə ilə əlaqələndirmək olar?
- Məncə, bu, mövsümün son oyunu olması ilə əlaqədardır. Nəticənin ciddi əhəmiyyət daşımaması da istər-istəməz psixoloji cəhətdən təsir edir. Havanın isti olmasının da bir qədər oyuna təsiri oldu.
- Mövsümü “Neftçi” üçün uğurlu saymaq olar?
- Qış fasiləsindən sonrakı çıxışımızı uğurlu saymaq olar. Mövsümün birinci hissəsində çox xal itirmişdik. Amma qışdan sonra toparlandıq və Konfrans Liqasına vəsiqə qazandıq.
- Konfrans Liqasında “Neftçi” nə qədər irəli gedə bilər?
- İstirahətdən sonra bu barədə danışmaq olar. İnanıram ki, yaxşı hazırlıq keçib ölkəmizi turnirdə layiqincə təmsil edəcəyik
- “Neftçi” ilə müqaviləni başa çatır. Sizi növbəti mövsümdə də “ağ-qaralı” formada görə biləcəyik?
- Hələ klubla aramızda heç bir danışıq olmayıb. Mən “Neftçi”də qalmağı çox istəyirəm. Amma təbii ki, müzakirə aparacağıq. İnanıram ki, klub tərəfindən də müsbət qərar alınacaq. Qəlbim “Neftçi”dən yanadır.