Sülhməramlı əməliyyatlarda iştirak edən beynəlxalq şəxsi heyətin sayı 2025-ci ildə son 25 ilin ən aşağı səviyyəsinə enib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilir.
Hafta.az xəbər verir ki, 2025-ci il 31 dekabr tarixinə sülhməramlı əməliyyatlarda 78 min 633 nəfər xidmət edib. Bu göstərici 2016-cı illə müqayisədə 49 faiz azalma deməkdir və 2000-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.
Qeyd edilir ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə problemləri çoxtərəfli sülhməramlı missiyaların fəaliyyətinə mənfi təsir göstərir.
Hesabata əsasən, 2025-ci ildə 34 ölkə və ərazidə 58 sülhməramlı missiya fəaliyyət göstərib. Şəxsi heyətin 73 faizi beş əsas missiyada xidmət edib.
İnstitut, həmçinin BMT-nin sülhməramlı əməliyyatlarının ciddi maliyyə böhranı ilə üzləşdiyini vurğulayır. Bildirilir ki, 2025-ci ilin iyul ayında büdcə kəsiri 2 milyard dollara çatıb.