AZ

Vyetnamın VinFast brendi yeni VF 8 modelini təqdim etdi: qiyməti düşdü FOTO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Vyetnamın elektrikli avtomobil istehsalçısı "VinFast" ikinci nəsil VF 8 modelini rəsmən nümayiş etdirib. İlk nəsildən tam 5 il sonra gələn yeni VF 8, maraqlıdır ki, daha kiçik ölçülərə, daha az gücə və daha kiçik batareyaya sahibdir. Lakin bunun qarşılığında avtomobilin qiyməti də aşağı salınıb.

Milli.Az xəbər verir ki, yeni VF 8-in ən çox diqqət çəkən tərəfi kəskin və aqressiv ön dizaynıdır. "V" formalı LED gündüz işıqları, parlaq qara rəngli qapalı ön panel və incə hava girişləri modelə idman üslubu qazandırır. Avtomobil bəzi bucaqlardan "Peugeot 2008" və "Alfa Romeo Junior" modellərini xatırladır. Aerodinamik 19 düymlük disklər və sadələşdirilmiş arxa hissə müasir görünüşü tamamlayır.

Avtomobil dünyasında yeni nəsil modellər adətən böyüsə də, "VinFast" əks istiqamətdə getməyi seçib. Yeni VF 8-in uzunluğu 4701 mm-dir ki, bu da əvvəlki nəsildən təxminən 49 mm daha qısadır. Ən böyük dəyişiklik isə təkər bazasında (aks məsafəsi) baş verib - bu məsafə tam 110 mm kiçilərək 2840 mm-ə düşüb.

Avtomobilin daxili məkanında minimalizm daha da artırılıb. Fiziki düymələr ciddi şəkildə azaldılıb və bir çox funksiyalar mərkəzdəki 12.9 düymlük multimedia ekranı vasitəsilə idarə olunur. Əvvəlki modeldəki 15.6 düymlük ekran kiçilsə də, bu nəsildə ilk dəfə olaraq sürücü üçün rəqəmsal cihazlar paneli əlavə edilib. İkiqollu yeni sükan çarxı da diqqət çəkir. Standart təchizata ikizonalı avtomatik kondisioner, 8 dinamikli səs sistemi və qabaqcıl sürücü köməkçi sistemləri daxildir.

Yeni VF 8-in ən çox müzakirə edilən tərəfi onun texniki göstəriciləridir. Model artıq yalnız öndən ötürücülü tək elektrik mühərriki ilə təchiz olunur. Bu mühərrik 170 kW (228 at gücü) hasil edir və 60.1 kWh-lıq batareyadan qidalanır. Şirkət avtomobilin NEDC standartına görə 500 km (WLTP standartı ilə təxminən 425 km) gediş məsafəsi təklif etdiyini bildirir.

Qiyməti və satış göstəriciləri

Yeni VinFast VF 8 Vyetnamda təxminən 37.900 dollar başlanğıc qiyməti ilə satışa çıxacaq.

Əvvəlki nəslin başlanğıc qiyməti təxminən 38.700 dolar səviyyəsində idi.

İlk nəsil VF 8 markanın ABŞ bazarındakı ən böyük ümidi olsa da, şirkət ötən il Amerikada 1500 ədəddən az avtomobil sata bilib. Buna baxmayaraq, "VinFast" Şimali Karolinadakı zavodunun tikintisini davam etdirir və ABŞ-də yerli istehsala 2028-ci ildə başlamağı hədəfləyir. Qlobal miqyasda isə vəziyyət daha yaxşıdır: şirkət 2025-ci ildə dünya üzrə rekord sayda - 196.919 ədəd avtomobil çatdırılması reallaşdırıb.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
news.milli.az

1Mənbələr