Qruplaşma rəhbəri Livan dövlətinin silah üzərində inhisar planlarını sərt tənqid edib...
Poliqon xəbər verir ki, “Hizbullah” rəhbəri Naim Qasem təşkilatın silahsızlaşdırılması tələblərini kəskin şəkildə rədd edib və bunu “tam məhvə aparan addım” kimi qiymətləndirib.
Naim Qasem televiziya müraciətində bildirib ki, silahsızlaşdırma tələbi təşkilatın mövcudluğuna son qoyulması deməkdir və belə bir addımın qəbul edilməsi mümkün deyil.
Qasem Livan hökumətinin silah üzərində dövlət inhisarı yaratmaq planlarını tənqid edərək bunu “İsrail layihəsi” adlandırıb. O, həmçinin Beyrut rəhbərliyini İsrail ilə birbaşa danışıqlardan çəkinməyə çağırıb.
“Birbaşa danışıqlar tamamilə qəbuledilməzdir və İsrail üçün heç bir qarşılıq olmadan üstünlük deməkdir”, deyə Qasem vurğulayıb.
Hizbullah rəhbəri Livan hakimiyyətini həmçinin ABŞ və İsrailin təzyiqlərinə boyun əyməməyə çağırıb və “onların tərəfində dayanmayın, bizə arxadan zərbə vurmayın” sözlərini işlədib.
Son açıqlama regionda İsrail-Livan gərginliyinin davam etdiyi bir vaxtda verilib və tərəflər arasında siyasi ritorikanın daha da sərtləşdiyini göstərir.
Poliqon.info