AZ

Makrondan Lukaşenkoya xəbərdarlıq: "Münaqişəyə müdaxilə etməyin"

Fransa Prezidenti Emmanuel Makron Belarusu Rusiya-Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməmək barədə xəbərdar edib.

Redaktor.az xəbər verir ki, bu barədə AFP agentliyi Makrona yaxın etibarlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa lideri belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı rəsmi Minskin Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə cəlb olunmasının ölkəsi üçün yarada biləcəyi ciddi riskləri diqqətə çatdırıb. Makron həmçinin Belarus rəhbərliyini Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində zəruri və qəti addımlar atmağa çağırıb.

Belarus Prezidentinin mətbuat xidməti də tərəflər arasında regional məsələlərin, habelə Aİ və Fransa ilə ikitərəfli münasibətlərin geniş şəkildə müzakirə olunduğunu rəsmən təsdiqləyib.

Bildirilir ki, bu xəbərdarlıq regionda hərbi gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. Belə ki, cəmi bir neçə gün əvvəl Rusiya və Belarus birgə nüvə təlimləri keçiriblər. Bundan əlavə, Rusiyanın ən son hərbi texnologiyalarından sayılan "Oreşnik" raket sistemləri də artıq Belarus ərazisində yerləşdirilib ki, bu da Avropada ciddi narahatlıq doğurub.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
149
1
redaktor.az

2Mənbələr