Müəllif: Tamara Mustafayeva, Banco.az
Külək və günəş enerjisindən qlobal elektrik enerjisi istehsalı ilk dəfə olaraq qazı üstələyib.
Banco.az xəbər verir ki, qlobal elektrik istehsalında külək və günəş enerjisinin payı aprel ayında 22 faizə çataraq ilk dəfə qazdan istehsalı geridə qoyub.
Beynəlxalq enerji araşdırma qurumu “Ember”in aylıq elektrik istehlakı məlumatları əsasında hazırladığı təhlilə görə, ötən ay külək və günəş enerjisinin dünya üzrə elektrik istehsalındakı payı 22 faiz olub. Qaz elektrik stansiyalarının payı isə 20 faiz səviyyəsində qeydə alınıb.
Külək və günəş enerjisindən elektrik istehsalı aprel ayında 531 teravat-saatla rekord səviyyəyə yüksəlib və 477 teravat-saat istehsal edən qazı geridə qoyub. Beş il əvvəl qazdan elektrik istehsalı yenə 476 teravat-saat səviyyəsində olduğu halda, külək və günəş elektrik stansiyalarından istehsal cəmi 245 teravat-saat təşkil etmişdi.
Beləliklə, Yaxın Şərqdəki müharibənin səbəb olduğu mövcud enerji böhranının ilk tam ayında, fosil yanacaq bazarlarındakı dalğalanmalara baxmayaraq, külək və günəş enerjisindən rekord həcmdə elektrik istehsalı ilə mühüm dönüş nöqtəsi qeydə alınıb. Bu enerji mənbələrinin dünya elektrik istehsalındakı payı aprel ayında ilk dəfə qazı üstələyib.
Hesabatda qeyd olunur ki, bu göstəricilər külək və günəş enerjisinin öncüllüyü ilə təmiz enerji mənbələrindən istehsalın artmasına yönəlmiş uzunmüddətli dönüşüm prosesinin davam etdiyini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!