Amerikalı konsorsium “Napoli” klubunu almağa çalışır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Danışıqları “Underdog Global Partners” (UGP) adlı investor qrupu aparır.
Klubun sahibi Aurelio De Laurentis komandanı satmağı planlaşdırmasa da, bu, UGP-ni dayandırmayıb. Tərəflər arasında danışıqlar artıq altı aydır davam edir.
UGP artıq İtaliya idmanına investisiya yatırıb. Şirkət İtaliyanın üçüncü divizionunda çıxış edən “Kampobasso” klubunun əsas səhmdarıdır. Bundan əlavə, ötən ilin mayında Neapol basketbol komandasının nəzarət paketi də UGP tərəfindən alınıb.
Konsorsium 2027-ci ildə yaradılması planlaşdırılan Avropa basketbol layihəsi çərçivəsində Avropa Liqasına çıxış üçün müraciət etməyi planlaşdırır. Beləliklə, futbol və basketbol üzrə “Napoli” vahid multi-idman strukturunun tərkibinə daxil ola bilər.
UGP-nin təklifində “Dieqo Armando Maradona” stadionunun özəlləşdirilməsi və yenidən qurulması da daxil olmaqla infrastruktur investisiyaları öhdəliyi yer alır. Lakin danışıqlarda bəzi fikir ayrılıqları səbəbindən irəliləyiş dayanıb. Buna baxmayaraq, tərəflər dialoqu bərpa etməyə ümid edirlər.