61-ci WKF Avropa Çempionatı Almaniyanın Frankfurt şəhərində uğurla başa çatıb.
Fanat.Az xəbər verir ki, 20–24 may tarixlərində keçirilən nüfuzlu yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb. Azərbaycan Karate Federasiyası çempionatda geniş heyətlə təmsil olunub və karateçilərimiz uğurlu nəticələrlə yadda qalıblar.
Çempionat çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda karatenin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda dünya şöhrətli yapon karate ustası, 9-cu dan qara kəmər sahibi Şixan Kaqava ilə də görüş olub, karate sahəsində təcrübə və inkişaf perspektivləri müzakirə edilib.
Avropa çempionatı Azərbaycan karateçiləri üçün tarixi uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.
Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.
Parakarate üzrə çıxış edən idmançılarımız — Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.
Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.
Kişilərdən ibarət yığma komandanın bəzi üzvləri medalın bir addımlığında olsalar da, bu dəfə fəxri kürsüyə yüksələ bilməyiblər. Bununla belə, gənc heyətə malik olan komandamızın gələcək yarışlarda daha uğurlu nəticələr qazanacağına inam böyükdür.
Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb və bu nəticə ölkə karatesinin beynəlxalq arenada inkişafının növbəti göstəricisi kimi qiymətləndirilib.