"Mançester Siti" azarkeşləri yayda komandadan ayrılması gözlənilən baş məşqçi Xosep Qvardiola və bəzi futbolçular üçün xüsusi pankartlar hazırlayıblar.
QOL.az xəbər verir ki, Premyer Liqanın 38-ci turunda "Aston Villa"ya qarşı keçirilən oyundan əvvəl tribunlarda Qvardiola, həmçinin Con Stounz və Bernardo Silvanın şərəfinə pankartlar açılıb.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. İspaniyalı mütəxəssis bu müddətdə komanda ilə 20 titul qazanıb. Onların arasında 6 Premyer Liqa çempionluğu və 2022/2023 mövsümündə Çempionlar Liqasının qalibi olması da yer alır.
Con Stounz isə 2016-cı ildən bəri "şəhərlilər"in heyətində 295 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Bernardo Silva 2017-ci ildən etibarən klub forması ilə 460 matçda 76 qol vurub, 77 məhsuldar ötürmə edib.
