AZ

Azərbaycan İstanbulda keçirilən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 24 may, AZƏRTAC

Türk dünyasının ortaq dəyərləri, milli mədəniyyətimiz, eləcə də idman növlərimizin tanıdılması məqsədilə İstanbulda keçirilən VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu il “Dünya burada” şüarı ilə keçirilən festival çərçivəsində ənənəvi idman növləri, atlı oyunlar, oxçuluq, güləş, səhnə nümayişləri, eləcə də əl sənətləri və etnik musiqi proqramları təşkil edilib.

Festivalda Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Zəngəzur” Xalq Rəqsləri Ansamblı ilə iştirak edib.

Tədbirdə, həmçinin “Natiq” ritm və türkdilli xalqların nümayəndələrindən ibarət “Rüzgar” qruplarının ifaları dinlənilib.

Festivalda Yaponiya, Qazaxıstan, Litva, Rusiya Qırğızıstan kimi ölkələri əhatə edən geniş coğrafiyadan ənənəvi idman növləri, oyunlar və mədəni nümayişlər yer alıb.

Tədbirin idman oyunları bölməsində iştirakçılar Azərbaycanın milli idman növü zorxana ilə də yaxından tanış olmaq imkanı əldə ediblər.

Bununla yanaşı, ziyarətçilərə oxatma və atçılıq kimi ənənəvi idman növlərini sınamaq, emalatxana sahələrində isə istehsal prosesinin bir hissəsi olaraq mədəni irslə birbaşa təmas qurmaq imkanları yaradılıb. Ənənəvi idman və oyunlar, səhnə sənətləri, əl işləri və qastronomiya sahəsində təqdim olunan məzmunlar milli dəyərləri təcrübə ilə birləşdirilib. Eyni zamanda, iştirakçılar festival ərazisində təşkil olunan emalatxanalarda ənənəvi sənətlər üzrə təcrübə qazanmaq imkanları əldə ediblər.

Qeyd edək ki, mayın 21-dən 24-dək davam edən festivalın keçirildiyi Atatürk hava limanının ərazisi, sadəcə, izlənilən deyil, yaşanan bir mədəniyyət atmosferinə çevrilib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
azertag.az

1Mənbələr