Partiyadakı gərginlik fonunda Özgür Özəl tərəfdarları parlamentə yürüş edib...
Poliqon xəbər verir ki, Türkiyədə ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasında (CHP) rəhbərlik ətrafında yaranmış gərginlik davam edir. Məlumata görə, partiyanın yeni sədri elan olunan Kamal Kılıçdaroğlu bazar ertəsi, son üç ildə ilk dəfə olaraq CHP-nin qərargah binasına səfər edəcək və burada mətbuat konfransı keçirəcək.
Bundan əvvəl Türkiyə mediasında Kılıçdaroğlunun həmin axşam partiya qərargahına gələcəyi, binanı isə Özgür Özəl tərəfdarlarının tərk etdiyi barədə xəbərlər yayılmışdı. Lakin Kılıçdaroğlunun mətbuat katibi Atakan Sönməz bu məlumatları təkzib edib və səfərin bazar ertəsi baş tutacağını bildirib.
Eyni zamanda, Özgür Özəl güclü yağışa baxmayaraq tərəfdarları ilə birlikdə Türkiyə Böyük Millət Məclisi binasına doğru yürüş edib. Yürüş zamanı çıxış edən Özəl bildirib ki, “CHP döyüş meydanlarında qurulan çadırlarda yaranıb. CHP-ni hakimiyyətə gətirmək üçün bizə binalar deyil, mübarizə iradəsi lazımdır”.
Özəl əlavə edib ki, partiyanın artıq məğlubiyyətlə barışmaq niyyəti yoxdur.
“47 ildən sonra partiyanı birinci siyasi qüvvəyə çevirdiyimiz zaman binada oturmurduq, meydanları doldururduq. Türkiyə siyasi tarixinin ən böyük kampaniyasını küçələrdə və meydanlarda keçirəcəyik. Bu yoldan geri çəkilməyəcəyəm, biz bu yoldan dönməyəcəyik və birlikdə uğur qazanacağıq”, deyə Özəl vurğulayıb.
Hadisələr fonunda media nümayəndəsinə qarşı zorakılıq iddiası da gündəmə gəlib. Bildirilir ki, CNN Türk jurnalisti Murat Bekmezci Özələ parlamentə yürüş zamanı sual verməyə çalışarkən fiziki təzyiqə məruz qalıb. İddialara görə, CHP millət vəkili Ali Mahir Başarır jurnalistə sillə vurub, Özəli müşayiət edən mühafizəçilər isə vəziyyətə müdaxilə edib. Jurnalistin sözlərinə görə, əvvəlcə mühafizəçilər onu saxlayaraq mikrofonunu əlindən alıb, daha sonra isə Ali Mahir Başarır tərəfindən hücuma məruz qalıb və sol qulağına zərbə endirilib.
Türkiyə mediasının yaydığı digər məlumatlarda isə Kamal Kılıçdaroğlunun komandasının polis müşayiəti ilə CHP qərargah binasına daxil olduğu bildirilir. Məlumata əsasən, qərargahın 12-ci mərtəbəsində yerləşən kabinetdən Özgür Özəlin ad lövhəsi sökülüb.
Poliqon.info