AZ

Avropa'nın dörd böyük iqtisadiyyatı Çinə qarşı ticarət tədbirlərinin sərtləşdirilməsini tələb edir

Son illər Avriopada 1 milyon iş yeri itirilib və Brüsselin Çinə qarşı ciddi addım atmaması tənqidə məruz qalır...

Poliqon xəbər verir ki, İspaniya, Fransa, İtaliya və Niderlandın Avropa İttifaqının Çinlə ticarət münasibətlərinin kökündən dəyişdirilməsini tələb etdiyi bilinir. Financial Times-ın məlumatına görə, həmin ölkələr Çindən idxalın kəskin artımı fonunda sənayenin "vicdansız" praktikalardan qorunmasının gücləndirilməsini zəruri sayırlar.

AB-nin dörd böyük iqtisadiyyatı Litva ilə birlikdə Avropa Komissiyasının Çinlə münasibətlərə dair cümə günü keçiriləcək əsas iclasından əvvəl ortaq sənəd yayıb. Həmin sənəddə AB-nin bəzi əsas ticarət tərəfdaşlarının "yeni ticarət maneələri tətbiq etdiyi və ya istehsal güclərinin sistemli və struktur artığına şərait yaratdığı" vurğulanır.

"Bu vəziyyət Avropa sənayesinə birbaşa təsir göstərib. 2019-2025-ci illər arasında 1 milyon iş yeri itirilib", deyə sənəddə bildirilir.

Ölkələr idxala tətbiq edilən yüksək gömrük rüsumlarının tətbiqi prosedurunu sürətləndirməyi və sadələşdirməyi, rüsumlardan yayınmanın qarşısının alınmasını təklif edir. Sənəddə ABŞ-dan gələn bioyanacaq və İndoneziya poladu ilə bağlı nümunələr də yer alır. Rüsumlardan yayınmanın qarşısını almaq məqsədilə Komissiyanın məhsullara və ölkələrə deyil, şirkətlərə əlavə gömrük rüsumları tətbiq etməsi, həmçinin sənaye şikayətlərini işləmək üçün daha çox məmur işə götürməsi təklif edilib.

Sənəddə həmçinin idxalın kəskin artımı halında tez aktivləşdirilə bilən güclü mühafizə tədbirləri alətindən daha geniş istifadəyə çağırış var. AB bu aləti müəyyən kvotanı aşan polada 50 faizlik rüsum tətbiq etmək üçün istifadə edib, bu da Ukrayna və Böyük Britaniya kimi müttəfiqlərin narazılığına səbəb olub.

Pekin bəzi kritik mineralların və yarımkeçiricilərin ixracını məhdudlaşdırdıqdan sonra Avropa istehsalçıları ciddi çətinliklərlə üzləşib. AB və ABŞ isə öz növbəsində Çinə yüksək texnologiyalı məhsulların satışının bir hissəsini dayandırıb.

Fransanın ticarət naziri Nikola Forirsye FT-yə verdiyi açıqlamada mübahisənin danışıqlar yolu ilə həllini dəstəklədiyini bildirib.

"Lakin biz sadəlövh deyilik. Çin sənayesinin artıq istehsal gücü yaratdığını və bu artıq gücün böyük ölçüdə dövlət subsidiyaları ilə maliyyələşdirilərək ixracata yönəldildiyini yaxşı bilirikvə bu böyük problemdir. Bu ticarət münasibətləri balanslaşdırılmalıdır", deyə Fransa ticarət naziri Nikola Forirsye FT-yə açıqlamasında bildirib.

Poliqon.info

Seçilən
83
poliqon.info

1Mənbələr