Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun daha bir mühüm göstəricisi oldu”.
Buni Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, forum çərçivəsində tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlərin Bəyanatları Sessiyasında 27 dövlət və hökumət başçısının iştirakı Azərbaycanın beynəlxalq siyasi platformalarda artan təsir imkanlarını nümayiş etdirdi:
“WUF13-ün yekun sənədi olan “Baku Call to Action”da da bu məqam xüsusi vurğulanır. Sənəddə qeyd edilir ki, Liderlərin Bəyanatları Sessiyası məhz Azərbaycanın təşəbbüsü ilə təşkil olunub və müxtəlif regionlardan olan dövlət rəhbərlərinin iştirakı Bakının qlobal məsələlərin müzakirəsində mühüm rol oynadığını təsdiqləyib. Bu, Azərbaycanın beynəlxalq gündəliyin formalaşmasına təsir edən etibarlı və təşəbbüskar dövlət kimi qəbul olunduğunu göstərir”.
Pərvanə Vəliyevanın sözlərinə görə, forumun miqyası da Azərbaycanın diplomatik və təşkilati uğurunun göstəricisidir:
“176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Azərbaycanın belə genişmiqyaslı beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməsi ölkəmizin təhlükəsizlik imkanlarının, idarəetmə bacarığının və beynəlxalq etimadının göstəricisidir. Yekun sənəddə Azərbaycan dövlətinə və xalqına göstərilən qonaqpərvərliyə görə xüsusi təşəkkür ifadə olunması da ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirir.Azərbaycan son illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslərlə beynəlxalq əməkdaşlıq platformalarında mühüm uğurlar qazanıb. “Baku Call to Action” sənədində Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki təcrübəsinə xüsusi yer ayrılması Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə beynəlxalq marağın artdığını göstərir.
İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi artıq beynəlxalq platformalarda uğurlu model kimi təqdim olunur”.
Deputat bildirib ki, sənəddə məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin olunması üçün əlaqələndirilmiş yanaşmaya çağırış edilməsi Azərbaycanın təşəbbüslərinə beynəlxalq dəstəyin göstəricisidir:
“Bu, Ermənistanın işğalı nəticəsində uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə tanınması baxımından mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır.
Forumun yekun sənədində münaqişə, müharibə və urbisidin sosial infrastruktura vurduğu dağıdıcı təsirlərin xüsusi vurğulanması Azərbaycanın işğal dövründə üzləşdiyi vandalizm faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Günel Elxan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.