Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun aktyorluq karyerasını başa vurduğu ilə bağlı yayılan paylaşım sosial şəbəkələrdə böyük rezonans doğurub.
Bakıvaxtı.az "Haberler.com" portalına istinadən xəbər verir ki, aktyorun rəsmi hesabından paylaşılmış kimi göstərilən vida mesajının saxta olduğu ortaya çıxıb.
Son olaraq "Eşref Rüya" serialındakı rolu ilə gündəmdə olan Ulusoy haqqında yayılan iddia qısa zamanda sosial mediada geniş yayılıb. Paylaşılan ekran görüntüsündə aktyorun "dərin tükənmişlik" səbəbindən fəaliyyətini dayandırdığı iddia olunurdu.
"Dərin yıpranmanın səbəb olduğu yorğunluqla bağlı ekran qarşısındakı karyerama son qoyuram. Məni dəstəkləyən bütün sevənlərimə təşəkkür edirəm. Kamera arxasında formalaşacaq yeni layihələrlə ən qısa zamanda yenidən sizinlə olacağam", - paylaşımda deyilir.
Lakin qısa müddət sonra həmin paylaşımın xüsusi proqramlarla hazırlanmış saxta montaj olduğu müəyyənləşib. Beləliklə, Çağatay Ulusoyun aktyorluğu tərk etməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi bəlli olub.