AZ

Mikelsin “Sabah”dan qaçması dastanı: 2 ci boy

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarix təkərrür edir, dejavü yaşanır, nə bilim nə... Vallah-billah, bunlar boşuna deyilmirmiş, bəzən adama elə gəlir ki, bu mərhələni nə vaxtsa keçib, bu hadisəni artıq bir dəfə yaşayıb. Belə gerçəkləri qəbul etməyənlər üçün isə Coy-Lens Mikels nümunəsi var. “Sabah”ın vacib oyunları ərəfəsində pul qazanmaq fürsətini heç vaxt fövtə verməyən ruandalı futbolçunu deyirəm.Bəli, o, bu gün Azərbaycan çempionatının ən dəyərli futbolçusudu, müntəzəm 90 dəqiqə oynamasa belə, mövsümü “qol+ötürmə” göstəricisi üzrə 26 (19+7) xalla tamamlayıb. O yaxşı futbolçudu – buna söz yox. Amma eyni zamanda, o, bir “pul maşını”dı – buna da şübhə etməyək. “Neftçi” ilə oyunda heç bir ehtiyac olmadan topu rəqibin ehtiyat oyunçular skamyasında oturanlara çırpması da təsadüf və ya spontan qərar deyildi, vətəninə mümkün qədər tez qaçmaq, transfer danışıqlarına başlamaq istəyən adamın düşünülmüş addımı idi. Bu gün Valdas Dambrauskas Mikelslə bağlı sualın cavabında deyir ki, heç bir futbolçu komandadan böyük deyil. Müəllifi litvalı mütəxəssis olmasa da, gözəl ifadədi. Ancaq Mikels də yeri qısa müddətdə doldurulacaq futbolçu deyil. Böyük futbolçudu, amma böyük şəxsiyyətdimi?2023-ün avqustuna qayıtmağı təklif edirəm. Onda Konfrans Liqasında mübarizə aparan “Sabah” ilk mərhələdə Latviyanın RFŞ klubunu arxada qoydu və “Partizan”la oyunlara hazırlaşmağa başladı. Amma Serbiya klubu ilə ilk oyundan bir gün əvvəl məlum oldu ki... “Sabah”ın 2023-ün avqustunda yaydığı bəyanatı oxuyaq:

“Klub olaraq “Partizan”la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuz bildirilmiş, futbolçu da bu təkliflə razılaşdığını qeyd etmişdi. Lakin sonra klubdan daha yüksək məbləğ tələb etmiş və “Partizan”la vacib görüşdən bir gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirib. Oyun ərəfəsində məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib. Buna baxmayaraq, “Partizan”la ev oyununda ona və ailəsinə stadionda digər futbolçularımızın ailə üzvləri ilə eyni yer ayrılıb, bu qərarından sonra belə, ona yad münasibət sərgilənməyib. Oyundan sonra isə onun paltardəyişmə otağına enməsinə şərait yaradılıb”.

Baxın, indi də eyni ssenari yaşanır. Klub müqavilə müddəti bitən futbolçuya ötən mövsümdəkindən iki dəfə artıq pul təklif edib, o isə yeni müqavilənin şərtlərinə razılaşmadan vətəninə qaçıb.Çox güman, bu dəfə də Mikels dastanı xoş sonluqla nəticələnməyəcək. 2023-də Murad Musayevi atıb getmişdisə, bu dəfə də Dambrauskası yarıyolda qoyacaq. Onda “Əl-Feysəl”i seçmişdi, bu dəfə də “Əl-Tavun”dan, “Əl-Xlud”dan birini tapıb, gedəcək. Nə bilim, vallah... Mikels xeyirlə şəri, yaxşı ilə pisi, qolla pulu özündə ən yaxşı, ən orqanik şəkildə birləşdirən orijinal futbolçu tipidi. Beləsinin arxasınca göz yaşı axıtmağa dəyərmi?..HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr