AZ

Valideynlər çöldə dua edir, övladları içəridə taleyini yazırdı… - imtahandan REPORTAJ

Yaz fəslinin son günləri yaxınlaşsa da, hava indidən yay fəslini xatırladır. Saat 09:00… Günəş bu səhər də şəhəri işıqlandırır. Amma bu işıq sanki bu dəfə yalnız küçələrə deyil, böyük bir sınağa hazırlaşan minlərlə gəncin üzərinə düşür.

Bu gün 56 847 abituriyent üçün adi gün deyil. Kimisi üçün illərlə çəkilən zəhmətin nəticəsi, kimisi üçün isə gələcəyə aparan yolun ilk ciddi mərhələsidir.

İmtahan keçirilən təhsil müəssisələrinin qarşısında artıq hər kəsə tanış olan mənzərə yaranıb: bir tərəfdə sakit görünməyə çalışan, amma daxilində böyük həyəcan yaşayan gənclər, digər tərəfdə isə övladının həyəcanını öz qəlbində hiss edən valideynlər…

Burada hər baxışda bir gözlənti, hər susqunluğun arxasında isə bir dua gizlənir. Bu gün sadəcə bilik yoxlanılmır. Aylarla, hətta illərlə qurulan planlar, xəyallar və ümidlər də həmin imtahan masalarının üzərinə qoyulur.

Biz də AzEdu Təhsil Portalı bu gün hadisənin mərkəzinə, imtahan keçirilən 283 nömrəli məktəbə yollandıq. 

Məqsədimiz təkcə prosesi izləmək yox, həm də o anın içində yaşayanların hisslərini, gözləntilərini və həyəcanını birbaşa öz dillərindən eşitməkdir.

Məktəbin həyətinə yaxınlaşdıqca artıq tanış səhnə göz önünə gəlir: bir tərəfdə son dəqiqə dua edən valideynlər, digər tərəfdə isə sakit görünməyə çalışan, amma gözlərindən həyəcanı oxunan abituriyentlər… 

Hər kəs eyni anda həm buradadır, həm də sanki başqa bir dünyada gələcəyin içində.

Cərgələr artıq yavaş-yavaş formalaşır. Abituriyentlər bir-bir imtahan keçirilən binaya yaxınlaşdıqca həyət daha da səssizləşir. Sanki hər addımda zaman bir az da yavaşlayır, hər baxışda isə gizlədilməyə çalışılan həyəcan açıq şəkildə hiss olunur.

183864

Əllərində sənədlərini sıx tutan gənclər bir anlıq geriyə baxıb valideynlərini gözləri ilə axtarır, sonra isə yenidən irəli, arzularına və gələcəklərinə doğru addımlayırlar.

Nəzarət prosesi də artıq başlayıb. Abituriyentlər bir-bir yoxlamadan keçirilir, qaydalar xatırladılır, sakitlik və nizam-intizam qorunur. Hər şey ciddi şəkildə təşkil olunsa da, bu ciddiyyətin içində belə insan emosiyasını gizlədə bilmir.

“Hazırsan?” sualına bir abituriyent yalnız başı ilə cavab verir. Amma baxışları onun neçə gecəni yuxusuz keçirdiyini anlatmağa kifayət edir. Digər bir gənc isə həyəcanını gizlətməyə çalışaraq “Bir az narahatlıq var, amma yaxşı olacaq inşallah” deyib növbəyə doğru irəliləyir.

Valideynlərin simasında isə tamam fərqli duyğular oxunur. Kimi əlində təsbeh sakitcə dua edir, kimi son dəfə övladına “özünə inan” deməklə kifayətlənir. Bəziləri isə həyətin bir küncündə dayanaraq imtahanın bitəcəyi saatı indidən hesablayır.

183836

Bu prosesdə nəzarətçilərlə də söhbətləşirik. Onların sözlərinə görə, imtahan qaydalarına ciddi şəkildə əməl olunur və əsas məqsəd abituriyentlərin rahat və təhlükəsiz şəkildə imtahan verməsini təmin etməkdir.

Binaya daxil olan abituriyentlərin axını isə hələ də davam edir. Cərgələr yavaş-yavaş irəlilədikcə həyətin müxtəlif nöqtələrində fərqli emosiyalar hiss olunur. Maraqlı məqamlardan biri də qız abituriyentlərin say çoxluğu ilə diqqət çəkməsidir. Məktəbin həyətində formalaşan növbələrdə onların həyəcanlı baxışları daha çox seçilir.

Bəziləri son dəfə qeydlərinə göz gəzdirir, bəziləri isə sakitliyini qorumağa çalışır. Aralarında dostlarına sarılıb uğur arzulayanlar da var, təkbaşına səssizcə binaya doğru addımlayanlar da… Hər birinin üzündə fərqli ifadə olsa da, onları birləşdirən ortaq hiss eynidir.

Bu əsnada məktəbin qarşısında maraqlı və bir o qədər də səmimi bir an diqqətimizi çəkir. Həyəcanın, sükutun və gözləntilərin arasında həyətin kənarında dayanmış balaca bir pişik sanki bütün bu gərgin atmosferə qısa bir fasilə verir. Növbədə gözləyən qız abituriyentlərdən biri ona yaxınlaşıb sakitcə sığal çəkir. O an üzündə yaranan kiçik təbəssüm isə bəlkə də səhərin ilk rahat anı olur.

183838Ətrafdakılar da bir anlıq həmin səhnəyə baxıb gülümsəyirlər. Sanki imtahanın yaratdığı gərginlik içində bu balaca detal hamıya qısa müddətlik də olsa nəfəs almağa imkan verir.

Sırada dayanmış abituriyentlərdən biri isə binaya daxil olmamışdan əvvəl qəfil arxaya dönür. Əlini yavaşca qaldırıb həyətin kənarında onu gözləyən yaxınlarına sağollaşır. O qısa anın içində həm həyəcan, həm də qəribə bir kövrəklik hiss olunur. Qarşı tərəfdən gələn “uğurlar” səsi isə izdihamın içində belə aydın eşidilir.
Sonra yenidən üzünü irəli çevirib cərgəyə qoşulur. Artıq geri dönüş yoxdur, qarşıda onu saatlarla davam edəcək imtahan və bəlkə də gələcəyinə açılan yeni bir mərhələ gözləyir.

Yoxlama prosesi davam edərkən isə gözlənilməz bir vəziyyət yaşanır. Sənədləri yoxlanılan xanım abituriyentlərdən birinə onun yanlış imtahan binasına gəldiyi bildirilir. Məlum olur ki, imtahanı başqa ünvanda 248 nömrəli məktəbdə keçiriləcək.

Bu xəbərdən sonra qızın üzündəki çaşqınlıq açıq hiss olunur. Nəzarətçilər isə sakit şəkildə ona hara yaxınlaşmalı olduğunu izah edir, vaxt itirmədən 248 nömrəli məktəbə getməsini tövsiyə edirlər. Səhərin onsuz da gərgin olan atmosferində bu cür qarışıqlıqlar həyəcanı bir qədər də artırır.

Saat 09:31… Yoxlama zamanı daha bir diqqətçəkən hadisə yaşanır. Xanım abituriyentlərdən birinin təqdim etdiyi buraxılış vərəqəsinin əvvəlki illərə aid olduğu məlum olur. Sən demə, o, köhnə sənədi kserokopiya edib imtahana gətirib.

İmtahan rəhbəri vəziyyəti sakit şəkildə izah edərək ona yeni buraxılış vərəqəsini çıxarıb gətirməsinin vacib olduğunu bildirir. Qız isə bir anlıq çaşqınlıq yaşasa da, deyilənləri diqqətlə dinləyib tələsik şəkildə məktəbin həyətindən uzaqlaşır.

Bu cür məqamlar abituriyentlərin imtahana nə qədər ciddi yanaşdığını bir daha göstərir. Çünki bu gün burada hər kəs mümkün olan ən kiçik detalı belə nəzərdən qaçırmamağa çalışır.

Elə bu məqamda yoxlama zamanı başqa bir vəziyyət də yaşanır. Oğlan abituriyentlərdən birinin üzərində telefon olduğu aşkarlanır. Nəzarətçilər ona telefonu çöldə yaxınlarından birinə verməli olduğunu bildirirlər. Lakin abituriyent bir müddət telefonu elə burada - binanın daxilində qoyub imtahana keçmək istədiyini deyərək təkid edir.

İmtahan əməkdaşları isə qaydaları sakit şəkildə izah edərək bunun mümkün olmadığını bildirirlər. Qısa söhbətdən sonra oğlan vəziyyəti anlayıb telefonunu əmanət etmək üçün yenidən həyətə çıxır.
Bu cür hallar imtahan qaydalarına nə qədər ciddi nəzarət olunduğunu bir daha göstərir. Burada ən kiçik detal belə diqqətdən kənarda qalmır.

Saat 09:47… Bir qədər sonra həmin oğlan yenidən imtahan binasına yaxınlaşır. Bu dəfə artıq telefon məsələsini həll edib, qaydalara uyğun şəkildə əmanətə verdiyi görünür. Sakit addımlarla növbəyə qoşulur və yenidən yoxlama mərhələsinə yaxınlaşır.

183863

Üzündə bir qədər tələsik ifadə olsa da, bu dəfə prosedurlara tam hazırdır. Nəzarətçilər də sənədlərini bir daha yoxlayaraq onu içəri buraxmağa hazırlaşırlar. Bir neçə dəqiqə əvvəl yaşanan gərginlik isə artıq arxada qalır və o, yenidən imtahan prosesinə qoşulmaq üçün son mərhələyə keçir.

Yoxlama prosesi zamanı daha bir incə məqam diqqət çəkir. Abituriyentlərdən biri imtahana şüşə qabda su gətirdiyi üçün qaydalara əsasən həmin su ilə içəri keçməsinə icazə verilmir. Nəzarətçi vəziyyəti sakit şəkildə izah edir və təhlükəsizlik baxımından yalnız plastik qabda suyun qəbul olunduğunu bildirir.

Bu an isə gözlənilməz bir humanist davranış baş verir. Nəzarətçi öz yanında olan suyu abituriyentə təqdim edir ki, imtahan müddətində istifadə edə bilsin. Qısa, amma diqqətçəkən bu detal səhərin gərgin atmosferində bir qədər yumşaqlıq yaradır.

Abituriyent isə təşəkkür edərək yeni verilən suyu götürür və artıq qaydalara uyğun şəkildə imtahan binasına daxil olmağa hazırlaşır.

Saat 09:50… Bir qədər əvvəl səhv sənəd səbəbindən geri göndərilən abituriyent nəhayət ki, yenidən imtahan məntəqəsinə çatır. Bu dəfə əlində artıq düzgün hazırlanmış sənədlər var.

Sürətli addımlarla yoxlama nöqtəsinə yaxınlaşır, sanki vaxtla yarışır. Nəzarətçilər sənədləri bir daha yoxlayır və hər şeyin qaydasında olduğu təsdiqlənir. Bir neçə dəqiqə əvvəl yaşanan gərginlik isə indi rahatlıqla əvəz olunur.
O, son anda da olsa imtahana daxil olmağı bacarır və digər abituriyentlərin ardınca binaya doğru yönəlir. Həyətdə isə artıq son hazırlıq anlarının sakitliyi hökm sürür. Hər kəs üçün həlledici saatlar başlayır.

O, emosiyalarına hakim ola bilməyərək göz yaşlarını saxlaya bilmir. Bir neçə dəqiqəlik gecikmə və yaşadığı gərginlik onu sarsıtsa da, nəzarətçilər və yaxınlıqda olanlar onu sakitləşdirməyə çalışırlar. “Vaxtındasan, hər şey qaydasındadır” sözləri isə onun bir qədər toparlanmasına səbəb olur.

Dərin nəfəs alaraq özünü ələ almağa çalışır və yenidən imtahan binasına doğru addımlayır. Həyəcan hələ də üzündə hiss olunsa da, artıq əsas olan bir həqiqət var. O, imtahana vaxtında çatıb və bu anı qaçırmayıb.

Saat 09:59… Artıq son saniyələrə yaxınlaşdıqca imtahan binasında gərginlik pik həddinə çatır. Bu anda imtahan rəhbəri tərəfindən elan edilir ki, qaydalara uyğun olaraq əlavə 15 dəqiqə vaxt da veriləcək.
Bu xəbər abituriyentlər arasında həm bir qədər rahatlıq, həm də yeni bir məsuliyyət hissi yaradır. Çünki artıq hər kəs bilir ki, qarşıda onları yalnız bilik yox, həm də zamanla daha diqqətli davranmaq tələb edən bir mərhələ gözləyir.

Səssizlik yenidən bərpa olunur, qapılar bağlanır və imtahanın əsas hissəsi başlayır…

Elə həmin dəqiqə daha bir abituriyent tələsik şəkildə imtahan məntəqəsinə yaxınlaşır. Onun vəziyyəti dərhal imtahan rəhbərinin diqqətini çəkir. Qısa yoxlamadan sonra imtahan rəhbəri onunla birlikdə yuxarı, imtahan keçirilən mərtəbəyə qalxır.

183831

Həmin an hər şey bir qədər də ciddiləşir. Son dəqiqələrdə belə, qaydalar və operativlik tam şəkildə qorunur. Abituriyent isə sürətli addımlarla binaya daxil olur və imtahana qoşulmaq üçün son şansını dəyərləndirir.

Budur, gözlənilən an gəlib çatır. Saat 10:00… İmtahan başlayır.

183860

Bir neçə dəqiqə əvvəlki həyəcan, tələsik addımlar, son yoxlamalar artıq geridə qalır. İndi isə tamam başqa bir atmosfer hökm sürür. Dərin sükut və diqqət. Abituriyentlər qarşılarında olan vərəqlərə fokuslanır, hər kəs illərlə qurduğu hazırlığın nəticəsi ilə təkbətək qalır.

Məktəbin həyətində isə səssizlik daha da ağırlaşır. Valideynlər yavaş-yavaş ərazini tərk edir, amma baxışlarında eyni ümid qalır: içəridə hər şey qaydasında getsin və hər kəs zəhmətinin qarşılığını ala bilsin.

Beləcə, bu günün ən həlledici mərhələsi başlayır…

Saat 10:09… İmtahan artıq bir müddətdir başlayıb, amma nəzarətçilərin qeydlərinə əsasən hələ də gəlməyən 4 abituriyent var.

Məlumdur ki, qaydalara uyğun olaraq saat 10:15-dən sonra heç bir abituriyent imtahan binasına buraxılmayacaq. 

Dövlət İmtahan Mərkəzi tərəfindən Binəqədi rayonundakı 283 nömrəli tam orta məktəbdə keçirilən ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə qəbul imtahanının gedişatı barədə məlumat verən ümumi imtahan rəhbəri Ramil Hacıyev bildirib ki, binada rus bölməsi üzrə qeydiyyatdan keçmiş 203-ü qadın, 76-sı kişi olmaqla ümumilikdə 279 abituriyentin iştirakı nəzərdə tutulsa da, onlardan 4 nəfəri (2 kişi, 2 qadın) imtahana gəlməyib.

183813

Buraxılış rejiminin müvafiq təlimatlara uyğun olaraq tam nöqsansız şəkildə yekunlaşdığını və hər hansı bir qayda pozuntusunun qeydə alınmadığını vurğulayan imtahan rəhbəri, artıq prosesin başlanmasından bir saatdan çox vaxt keçdiyini və imtahanın qanunvericiliyə uyğun olaraq tam normal axarda davam etdiyini diqqətə çatdırıb.

Valideyn Aysəma Əliyeva qeyd edib ki, oğlu 3-cü ixtisas qrupu üzrə hazırlaşır:

183814

"Oğlum Zeyd Əliyev rus bölməsi üzrə üçüncü ixtisas qrupuna hazırlaşır. Əsas istədiyi ixtisas hüquqşünaslıqdır. Ali təhsil müəssisəsi olaraq ilk növbədə ADA Universitetini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını arzulayır. Akademiyada hüquqla yanaşı, beynəlxalq münasibətlər və yeni açılan dövlət-ictimai münasibətlər fakültələri də diqqətimizi çəkir.

​Zeyd buraxılış imtahanından 260 bal toplayıb. Müəllimləri ilə birlikdə yoxlayanda əslində 280 bal gözləyirdik. Hüquq fakültəsinin keçid balları yüksək olduğu üçün ümumi nəticənin 600-ə yaxın olmasını hədəfləyirik. Şansımızı artırmaq üçün mütləq ikinci qəbul imtahanında da iştirak edəcəyik, artıq qeydiyyatdan da keçmişik.

​Son olaraq bildirmək istəyirəm ki, imtahan marafonu uşaqlar üçün çox gərgindir və bu, onların sağlamlığına birbaşa təsir edir. Arzu edirəm ki, Dövlət İmtahan Mərkəzi sualları uşaqlar üçün bir az daha rahat formada hazırlasın. Bütün abituriyentlərə uğurlar, açıq yol və bol şans arzulayıram. Allah hər kəsi arzusuna çatdırsın”.

Nura Əliyevanın atası Şakir Əliyev söyləyib ki, övladı buraxılış imtahanında 180 bal toplayıb:

183815"Qızım Nura Əliyeva rus bölməsi üzrə üçüncü ixtisas qrupuna hazırlaşır. Əsas istəyi Bakı Dövlət Universitetində regionşünaslıq və ya beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaqdır. Alternativ variant kimi Bakı Slavyan Universitetini də düşünürük.

Əslində hazırlığı çox yaxşı idi, bütün fənlərdən repetitor yanına gedirdi və gözləntilərimiz yüksək idi. Lakin martın 9-da keçirilən buraxılış imtahanı bir az çətin oldu. Qızım özü də tez həyəcanlanan, panikaya düşən uşaqdır. İmtahandakı gərginlik ucbatından ingilis dilindən dinləmə (listening) mətnini tam qavraya bilməyib və səhvləri olub. Nəticədə buraxılışdan 180 bal topladı.

Hazırda dərslərinə eyni tempdə davam edir. Şansımızı tam dəyərləndirmək üçün ikinci qəbul imtahanına da qeydiyyatdan keçmişik. Özü rus bölməsində oxuduğu üçün rus dili fənnindən gözləntimiz böyükdür, ən azı 90%-lik nəticə hədəfləyirik. İnşallah, hər şey qismətdir, ümid edirik ki, sonrakı imtahanlar daha uğurlu olar. Bütün valideynlərə səbir, övladlarımıza isə bol uğurlar arzulayıram”.

Valideyn Röya Dadaşovanın sözlərinə görə qızı Ləman Həmzəyevanın hədəfi Bakı Slavyan Universitetinə qəbul olmaqdır:

183817

"Qızım 134 nömrəli məktəbin məzunudur və üçüncü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır. Onun ən böyük istəyi Bakı Slavyan Universitetinə daxil olmaq və ibtidai sinif müəllimliyi ixtisasına yiyələnməkdir.

​Buraxılış imtahanından 245-dən bir az çox bal toplayıb. Ləman dərslərinə qarşı çox məsuliyyətlidir, oxuyan uşaqdır. İmtahanlara da böyük əzmlə hazırlaşırdı, hətta bura gəlib içəri keçənə qədər də durmadan dərslərini təkrar edirdi. Maraqlısı budur ki, o, yalnız tarix fənnindən hazırlığa gedib, amma ədəbiyyat və rus dili fənlərinə heç bir müəllim köməyi olmadan, tamamilə özü hazırlaşıb.

​İndi keçirilən blok imtahanından da 300-dən artıq bal gözləyirik. İnşallah, nəticəmiz necə olursa-olsun, şansımızı tam dəyərləndirmək üçün yayda olacaq ikinci imtahanda da mütləq iştirak etmək istəyirik.

​Bir ana kimi Ləmanın timsalında bütün övladlarımıza ürəkdən uğurlar arzulayıram. Allah hər birini öz arzusuna, məqsədinə çatdırsın. Ən əsası odur ki, uşaqlarımız sağlam və xoşbəxt olsunlar, qalan hər şey zamanla öz qaydasına düşəcək”.

İmtahan rəhbəri Fərid Süleymanov bildirib ki bu gün bütün imtahan prosesi çox şəffaf şəkildə keçib:

183818

"İmtahan başlamamışdan qabaq iştirakçılara bütün təlimatlar oxunub və hər kəs də buna əməl edib.

​İmtahan zamanı özünü pis hiss edən və ya icazə alan iştirakçı olmadı. Çünki imtahan başlamamışdan əvvəl hər kəs bu barədə ətraflı təlimatlandırılmışdı.  Ona görə də, ümumiyyətlə, imtahan prosesinin gedişatında bu tipli hallarla qarşılaşmadıq.

​İmtahan prosesinin özündə də hər hansı bir çətinlik yaşanmadı. Sual kitabçalarında və ya digər məsələlərdə heç bir problem olmadı, hamısı çox yaxşı idi. Hər şey tam qaydasında və şəffaf şəkildə baş tutdu”.

Saat 12:00… İmtahanın bitməsinə yaxın ilk abituriyent binadan çıxır və diqqətimizi çəkir. Qısa bir anlıq dayanıb suallarımızı cavablandırsa da, detallı açıqlama vermək istəmir. Sadəcə ümumi olaraq imtahanın normal keçdiyini bildirir.

Onun sözlərinə görə, xüsusilə tarix fənni nisbətən çətin olub və bəzi suallar düşündürücü xarakter daşıyıb. Buna baxmayaraq, ümumi ab-havanın gözlənilən səviyyədə olduğunu qeyd edir.

Qısa müsahibədən sonra o, yaxınlarının yanına doğru addımlayır və həyətdə artıq ilk nəticə müzakirələri başlanır…

Müasir Təhsil Kompleksinin məzunu Erkin Kərimov qeyd edib ki, bu mərhələdən 200 yaxın bal toplayacağını gözləyir:

183819"11-ci sinif buraxılış imtahanından isə 160 civarında bal yığmışdım. İmtahan sualları ümumilikdə məktəbdə keçdiyimiz mövzulara aid idi, ona görə də proses mənim üçün çox çətin olmadı. Heç bir narahatlıq və ya gərginlik hissi keçirmədən, tam rahat şəkildə imtahanımı verdim.

​İmtahanda sualları yazmağa rus dilindən başladım, çünki bu fənn üzrə hazırlığım tam idi. Mən gələcəkdə ali təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu səbəbdən də yerli qəbul proqramından əlavə, xaricdə oxumaq üçün başqa bir xüsusi proqramla da ciddi şəkildə hazırlaşıram”.

193 nömrəli məktəbin məzunu Züleyxa Babayevanın sözlərinə görə, imtahan ümumilikdə rahat keçib:

183821

"Üçüncü ixtisas qrupu üzrə imtahanlara hazırlaşıram. Buraxılış imtahanından 230 bal yığmışam, bu indiki qəbul imtahanından isə 300-dən yuxarı bal gözləyirəm. İmtahanım ümumilikdə normal keçdi. digər fənlər asan olsa da, ən çox tarix fənnində çətinlik çəkdim. Ali məktəb olaraq ADA Universitetini istəyirəm, ixtisas kimi isə İSİT (İnformasiya texnologiyaları) sahəsini hədəfləyirəm. Toplayacağım nəticə mənə bəs edəcəyi üçün ikinci qəbul imtahanında iştirak etməyi düşünmürəm”.

Raul Kərimxanov qeyd edib ki, Uşaqlarla işləməyi çox xoşladığı üçün müəllimlik peşəni seçir:

183822

"Buraxılış imtahanında 173 bal toplamışam. Ailənin ilk övladıyam, bura da valideynlərimlə deyil, tək gəlmişəm. Hazırda Bakı Slavyan Universitetinin üçüncü qrup ixtisası üzrə hazırlaşıram.

Gələcəkdə ədəbiyyat və rus dili müəllimi olmaq, müəllimlik ixtisasını seçmək istəyirəm. Uşaqlarla işləməyi çox xoşladığım üçün bu peşəni seçdim. Bir də qohumlardan xalam müəllimdir, yəqin bunun da təsiri var.
​Bu qəbul imtahanından 180-200 arası bal gözləyirəm. İnşallah, iyulda olacaq ikinci qəbul imtahanında da iştirak edəcəyəm. İmtahandakı fənlərin çətinlik dərəcəsinə gəlincə, mənim üçün ən asanı rus dili idi. Ədəbiyyat orta səviyyədə idi, amma tarix çox çətin idi. Tarixdən bəzi suallar var idi ki, çox qəribə idi, quruluşları fərqli idi və mən onları birinci dəfə idi görürdüm. Məntiqlə yazılmalı olan bəzi suallar çox vaxt aparırdı, amma ümumilikdə orta səviyyədə olan suallar da yox deyildi”.

İmtahan artıq başa çatıb və abituriyentlər yavaş-yavaş binanı tərk edirlər. Həyətdə bir qədər əvvəlki gərgin atmosferin yerini qarışıq emosiyalar alır. Kimisi gülümsəyərək dostları ilə təəssüratlarını bölüşür, kimisi isə sakit şəkildə nəticəsini düşünərək çıxışa yönəlir.

183855

Diqqət çəkən məqamlardan biri isə bir ailənin- ata, ana və qardaşın bir kənara çəkilərək nəticələri mobil tətbiq vasitəsilə yoxlaması olur. Onların üz ifadələrindən artıq ilk reaksiyanın müsbət olduğu hiss olunur. Sakit sevinc və rahatlıq həmin anın əsas emosiyasına çevrilir.

183847Beləcə, uzun və gərgin bir gün öz yerini həm sevincə, həm də düşüncəli anlara buraxır. Abituriyentlər üçün isə indi artıq yeni bir mərhələ başlayır. Bu yolda onların hər birinə uğurlar arzu edirik.

Fotoqraf: Məltəm Anar

Seçilən
39
azedu.az

1Mənbələr