AZ

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 24 may, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) “Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində tanınmış ictimai xadimlər, təhsilin bütün pillələri üzrə Bakı və digər regionlarda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və digər təhsil işçiləri olmaqla 500 nəfər iştirak edib.

Bu barədə AZƏRTAC-a “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasından məlumat verilib.

Təqdimat mərasimində “Yeni çağırışlar” kitabının müəllifi, “T-Network”ün rəhbəri Cəfər Mənsimi bildirib ki, nəşrdə dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alıb. Kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunub, daha təhsilli gələcək naminə qabaqcıl beynəlxalq təcrübələr və dünya standartları öz əksini tapıb.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev vurğulayıb ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları və qlobal çağırışları daha dərindən anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Nəşrdə yer alan beynəlxalq təcrübələr, innovativ pedaqoji yanaşmalar və liderlik modelləri Azərbaycan təhsil sisteminin inkişafı üçün dəyərli mənbədir. Kitab yalnız nəzəri baxışları deyil, praktik yanaşmaları da özündə ehtiva edir.

Daha sonra Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Əməkdar müəllim, Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov, psixoloq Mətanət Hüseynova, BSU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov kitabdakı tezislər əsasında təqdimatla çıxış ediblər. Onlar dünyaşöhrətli təhsil mütəfəkkirlərinin “Yeni çağırışlar” kitabı haqqında səsləndirdikləri yüksək rəyləri xüsusi qeyd edərək nəşri qlobal miqyasda mühüm mənbə kimi dəyərləndiriblər.

Professor Səlahəddin Xəlilov və Bakı Slavyan Universitetinin prorektoru Fikrət Cahangirov isə qeyd ediblər ki, kitab təhsilin gələcəyinə dair strateji düşüncənin formalaşmasına mühüm töhfə verir.

Tədbirdə Əməkdar müəllim, dosent Təranə Yusifovanın rəhbərlik etdiyi Cahangir Cahangirov adına xor kollektivinin ifasında səsləndirilən “Yollar” mahnısı iştirakçıların alqışları ilə qarşılanıb. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında nümayiş etdirilən və Lalə İbrahimova tərəfindən hazırlanan “Qanadlanan arzular” adlı rəqs də iştirakçıların marağına səbəb olub.

Qeyd edək ki, kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb.

“Yeni çağırışlar” kitabı Harvard Universitetinin professoru, “çoxnövlü intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən də yüksək qiymətləndirilib.

Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, Harvard, MIT, Stanford, Toronto və digər nüfuzlu universitetlərin professorları, OECD, Dünya Bankı, UNESCO, UNICEF, “Coursera”, “Khan Academy”, “Microsoft”, “Google”, “Apple” və digər beynəlxalq qurumların rəhbər şəxsləri, təhsil ekspertləri və mütəfəkkirləri yer alırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr